“Sənədim var” deyib qonşuların evini təhlükəyə atırlar? –Xırdalanda aparılan tikinti yaşayış evlərinə zərər vurur iddiası

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yol kənarında aparılan obyekt tikintisinin ətrafda yerləşən yaşayış evlərinə ciddi ziyan vurduğu iddia edilir. Redaksiyamıza müraciət edən İlahə Əliyeva bildirib ki, tikinti işləri başladıqdan sonra onun yaşadığı evdə çatlar yaranıb, deformasiya halları müşahidə olunub və tikinti ilə yaşayış evi arasında normativ məsafə gözlənilməyib.
Yenixeberorg.com: Sakinin sözlərinə görə, əvvəllər həmin ərazidə mövcud olan köhnə tikili sökülərək yerində yeni obyektin inşasına başlanılıb. Lakin söküntü və sonrakı tikinti prosesində ağır texnikadan istifadə olunması, həmçinin tikintinin yaşayış evinə həddindən artıq yaxın məsafədə aparılması nəticəsində evin divarlarında, tavan hissələrində və pəncərə kənarlarında çatlar əmələ gəlib.
Aparılan çəkilişdən də görünür ki, evin müxtəlif hissələrində çatlar, tavan örtüklərində ayrılmalar və konstruksiya deformasiya əlamətləri müşahidə edilir. Sakin iddia edir ki, tikinti sahəsi ilə yaşayış evi arasında bəzi hissələrdə məsafə 1 metrdən də azdır.
İlahə Əliyeva bildirir ki, məsələ ilə bağlı tikinti sahiblərinə etiraz etsə də, ona “bütün sənədlərimiz qaydasındadır” cavabı verilib. Sakinin iddiasına görə, tikinti iki şərik – “Naxçıvanlı Ruslan” kimi tanınan şəxs və onun Gürcüstan vətəndaşı olan şəriki tərəfindən həyata keçirilir.
Qeyd olunur ki, mediada yayılan görüntülərdə jurnalist və vətəndaşlarla kobud davranış sərgiləyən şəxsin Ruslanın şəriki gürcüstanlı olması burda mənəm bağdatda kor xəlifə misalı ağanəzərəm belədə gəzərəm görüntüsü yaradır. Sədəninin olması sənin qonşuna zərər vura bilməyinə icazə kağızı olması demək deyil. Hazırda isə sakinlər iddia edirlər ki, “sahibkaram” adı altında aparılan bu tikinti qonşuluq prinsiplərini və təhlükəsizlik normalarını pozmaqla davam etdirilir.
Məsələnin diqqətçəkən tərəflərindən biri də tikinti işlərinin sıx yaşayış zonasında aparılmasına baxmayaraq aidiyyəti qurumların prosesə münasibət bildirməməsidir. Sakinlər hesab edir ki, tikintinin mövcud vəziyyəti Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən yerində araşdırılmalıdır.
Hüquqşünasların fikrincə, tikinti işləri nəticəsində qonşu mənzillərə ziyan vurulması sübuta yetirilərsə, zərərçəkmiş tərəfin maddi ziyanın ödənilməsi və tikintinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Eyni zamanda tikinti normaları və təhlükəsizlik qaydalarının pozulması inzibati və digər hüquqi məsuliyyət yarada bilər.(BnTv.az)
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










AZ
RU