Tarix dəyişdi talelər yox...

Dövrün dəyişməsi yenilik deyil
Yenixeberorg.com: Həyat insana əvvəlcədən xəbər vermir. Heç kim bu dünyaya göz açanda onu nələrin gözlədiyini bilmir. İnsan yaşadıqca, gördükləri ilə yoğrulur, zamanın içində formalaşır. Bəzən həyat onu dəyirman daşı kimi üyüdür — ələyir, sınayır, yenidən qurur.
Tarixə baxanda bunu aydın görürük.
1937-ci ilin repressiya dövründə Azərbaycanın neçə-neçə ziyalısı məhv edildi. Mikayıl Müşfiqin qəbri bu günə qədər tapılmayıb. Hüseyn Cavid sürgündə əzab çəkirdi, ailəsi isə baxımsızlıq içində dağılırdı. Onların “günahı” düşünmək, yazmaq, millətini sevmək idi.
İndi isə başqa bir dövrdə yaşayırıq. Deyirik ki, müstəqilik. Deyirik ki, inkişaf edirik. Amma bəzən qarşılaşdığımız mənzərələr insanı dayandırıb düşündürür — doğrudanmı yalnız zaman dəyişib?
Bu gün gündəmdə olan bir hadisə var.
Jurnalist, söz adamı, cəmiyyətin görən gözü olan Əvəz Zeynallı ağır xəstəliklə mübarizə aparır. Müalicəsini davam etdirmək üçün isə… öz kitablarını satmağa məcbur qalır. Akademiyanın bağında stol arxasında dayanıb, yazdıqlarını satır ki, yaşaya bilsin.
Bu mənzərə acıdır.
Daha da acı olan isə budur ki, bir ziyalı ayaqda qalmaq üçün xalqın dəstəyinə möhtacdır — və xalq onu tək qoymur. İnsanlar kitablarını alır, marafona qoşulur, əlindən tutmağa çalışır.
Bəs digərləri?
Hardadır bu cəmiyyətin sözə sahib çıxmalı olan qurumları?
Hardadır illərlə ədəbiyyat adına imtiyazlar əldə edənlər?
Hardadır əli pulla oynayanlar?
Bu sualların cavabı hamıya bəllidir. Sadəcə açıq deməyə ehtiyac yoxdur.
Bir cümlə var ki, hər şeyi deyir:
Əvəz Zeynallı bu xəstəliyi özü ilə təcridxanaya aparmamışdı.
Bu sözün altında nə varsa — hər kəs bilir.
Keçmişdə Hüseyn Cavidin ailəsi baxımsızlıqdan dağılırdı…
Bu gün isə başqa formada eyni ağrının izlərini görürük.
Zaman dəyişir, amma bəzi hadisələrin mahiyyəti dəyişmir.
Bu artıq təsadüf deyil — bu, düşündürücü paraleldir.
Bu gün Əvəz Zeynallıya dəstək olmaq təkcə insani borc deyil. Bu, həm də sözə, düşüncəyə, ziyalıya sahib çıxmaqdır.
Ey Azərbaycan vətəndaşı —
ziyalını qoru.
Çünki bir millətin onurğa sütunu onun düşünən insanlarıdır.
Məleykə Abid









AZ
RU