Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -NAZİRƏ MÜRACİƏT

Aparılan yoxlamalar zamanı çoxsaylı korrupsiya və maliyyə yeyintisi halları aşkar edilmişdir. Həmçinin ümummilli liderimiz Heydər Əliyevin tuncdan hazırlanmış heykəlinin satılması ilə də bağlı ciddi məlumatlar mövcuddur.
Bu iddia Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Naziri, cənab Emin Əmrullayevə ünvanlanmış və surəti Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır:
Hörmətli cənab nazir,
Gəncə Dövlət Universitetində uzun müddətdir davam edən ciddi qanunsuzluqlar, maliyyə pozuntuları və idarəetmədə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət etmək məcburiyyətində qalmışıq.
Universitetin rektoru Yusif Yusibovun rəhbərliyi dövründə professor-müəllim heyətinin əmək haqlarının hesablanması və ödənilməsi sahəsində davamlı və sistemli problemlər mövcuddur. Əməkdaşların əmək haqları stabil deyil və demək olar ki, hər ay fərqli məbləğdə maaş alırlar. Dəfələrlə əmək haqlarının səhv hesablanması halları baş vermişdir. Bəzi əməkdaşlara ümumiyyətlə maaş yazılmamış, bəzi əməkdaşlara isə aldıqları məbləğdən dəfələrlə artıq əmək haqqı hesablanmışdır. Bu cür hallar bir dəfə deyil, mütəmadi olaraq təkrarlanır və kollektiv arasında ciddi narazılıq yaradır.
Ən narahatedici məqamlardan biri isə odur ki, bu kimi maliyyə pozuntuları hətta Akkreditasiya Komissiyasının universitetdə yoxlama apardığı günlərdə belə baş vermişdir. Sonradan isə rektorun göstərişi ilə dekan və kafedra müdirlərinə təzyiq göstərilərək artıq yazılmış məbləğlərin əməkdaşlardan nağd şəkildə geri toplanması tələb olunmuşdur.
Bütün bu proseslərə görə məsuliyyət daşımalı olan baş mühasib Teyyub müəllim və onun müavini Rəvan (baş mühasibin bacısı oğludur) barədə indiyədək heç bir intizam tədbiri görülməmişdir. Bu isə universitetdə maliyyə məsələlərinin qohumbazlıq və şəxsi maraqlar əsasında idarə olunduğu barədə ciddi şübhələr yaradır.
Digər ciddi məsələ isə İlqar Kubışevlə bağlıdır. İlqar Kubışev rektorun qəbuluna gələn əməkdaşların və vətəndaşların qəbuluna mane olur, onları rektorun yanına buraxmır və faktiki olaraq qəbul prosesinə özbaşına nəzarət edir. Bu isə universitetdə açıq şəkildə özbaşınalığın hökm sürdüyünü göstərir.
O, kollecin direktoru vəzifəsindən töhmətlə azad edilməsinə baxmayaraq, rektor Yusif Yusibov tərəfindən rektorun müşaviri vəzifəsinə təyin edilmişdir. Halbuki Nazirlik tərəfindən onun vəzifədən azad olunması ciddi şəkildə tələb olunur. Buna baxmayaraq, bu tələb müxtəlif formal yollarla yubadılır. Rektor Nazirliyə kələk gəlir. Yalandan deyir ki, işdən azad etmişəm. Onu müvəqqəti olaraq 15 günlüyə məzuniyyətə göndərib. Universitetin akkreditasiyası təsdiq olunandan sonra onu öz vəzifəsinə təyin etməyi planlaşdırır.
Universitetdə sosial məsələlərə də laqeyd yanaşılır. Məlum olduğu kimi, ölkənin bir çox ali təhsil müəssisələrində bayram günləri münasibətilə əməkdaşlara müəyyən maddi dəstək göstərilir. Lakin Gəncə Dövlət Universitetində belə hallara demək olar ki, rast gəlinmir. Nadir hallarda verilən məbləğ isə olduqca simvolik xarakter daşıyır və cəmi 30–35 manat civarında olur ki, bu da əməkdaşlarda ciddi narazılıq yaradır.
Bildiririk ki, Regional Kollecdə İlqar Kubışevin direktorluq müddəti Korrupsiya İdarəsi tərəfindən yoxlanılır. Aparılan yoxlamalar zamanı çoxsaylı korrupsiya və maliyyə yeyintisi halları aşkar edilmişdir. Həmçinin ümummilli liderimiz Heydər Əliyevin kollecdə olan tuncdan hazırlanmış heykəlinin satılması ilə bağlı ciddi məlumatlar mövcuddur. Görün, bu adam nə qədər şərəfsizdir ki, bu addımı da atıb. Əlbəttə bunu Yusif Yusibovun icazəsi olmadan edə bilməzdi.
Qeyd etmək istəyirik ki, Gəncə Dövlət Universitetində peşəkar və vicdanla çalışan çoxlu sayda müəllim və əməkdaş vardır və tədris prosesi ümumilikdə normal şəkildə davam edir. Lakin mövcud problemlərin əsas səbəbi universitet rəhbərliyinin idarəetmə üsulu və baş verən qanunsuzluqlardır.
Yuxarıda sadalanan faktların ciddi şəkildə araşdırılması, universitetdə baş verən maliyyə və idarəetmə pozuntularına hüquqi qiymət verilməsi və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Sizdən qətiyyətli müdaxilə etməyinizi xahiş edirik.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.








AZ
RU