Ankara ilə Bakı arasında erməni söhbəti... -Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?

Son günlərdə regional mediada Türkiyə ilə Ermənistan arasındakı quru sərhədlərinin (xüsusilə Alican-Marqara qapısının) iyunun ilk həftəsində açılacağına dair iddialar yenidən intensivləşib. İki ölkə arasında birbaşa ticarətin başladığı barədə bürokratik prosedurların tamamlanması fonunda xüsusilə Qərb mətbuatı bəzi manipulyativ tezisləri tirajlamağa başlayıb.
Yenixeberorg.com: Lakin Türkiyənin xarici siyasət idarəsinin, səfirlərin və xüsusi nümayəndələrin son bəyanatları pərdəarxası reallığın fərqli olduğunu göstərir. Eyni zamanda, Türkiyə daxilindəki bəzi ictimai-siyasi çıxışlar Bakıda haqlı suallar və narazılıqlar doğurur.
Türkiyənin "Cumhuriyet" qəzetinə müsahibə verən Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov cəmiyyətdə, mediada bir müddətdir davam edən, "Türkiyə Ermənistanla quru sərhədlərini açmaq istəyir, lakin Azərbaycanın “vetosu” ilə qarşılaşıb" iddialarına qəti şəkildə nöqtə qoyub:
"Biz Türkiyə ilə tam uzlaşdırılmış bir siyasət yürüdürük, Türkiyə Xarici İşlər Nazirliyi ilə daim təmasdayıq. Ermənistan-Türkiyə normallaşması ilə Ermənistan-Azərbaycan normallaşması proseslərini paralel şəkildə aparırıq. Bir-birimizlə məsləhətləşir, addım-addım irəliləyirik".
Səfir sərhədlərin açılması üçün konkret hüquqi şərtləri və təqvimi də açıqlayıb: "Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. 7 iyundakı seçkidən sonra konstitusiyanı dəyişəcəklər, referendum keçirəcəklər. Ərazi iddiası ortadan qalxdıqdan sonra, ABŞ-da paraflanmış Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanacaq. Ondan sonra həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan sərhədləri açılacaq".
Azərbaycan tərəfi həm də iqtisadi əməkdaşlıqla bağlı, kiçik də olsa, addımlar atır. Səfirin sözlərinə görə, artıq Azərbaycan Ermənistanın enerji təhlükəsizliyində rol oynayır, onlara neft və yanacaq verir, məhsullarının Qazaxıstan və Rusiyadan ölkəmiz üzərindən daşınmasını təmin edir və bununla İrəvana sülhün dividentlərini göstərir.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan həm media mülahizələrində, həm də qapalı diplomatik brifinqlərdə Ankaranın əsas şərtini qoruyub saxlayır. Nazirin mesajlarının ana xətti rəsmi Bakı ilə tam koordinasiyaya əsaslanır: "Bizim regional strategiyamız bəllidir: Cənubi Qafqazda daimi sabitlik. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalandığı an, biz Ermənistanla münasibətləri tam normallaşdırmağa və sərhəd qapılarını açmağa hazırıq".
Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə, səfir Sərdar Kılıç da İrəvanda keçirilən son beynəlxalq panel formatında media mənsublarının suallarını cavablandırarkən prosesin pərdəarxası texniki detallarını açıqlayıb. Kılıç sərhədin açılması ilə bağlı hər kəsin özünə görə təqvim uydurduğunu, lakin dövlətin rəsmi qərarının fərqli olduğunu bildirib:
"Sərhədlərin açılması istiqamətində addım-addım gedirik. Qars-Gümrü dəmir yolunun bərpası üçün ortaq işçi qrupu yaradılıb. Bəli, sərhəd açılmaya hazır nöqtəyə gəlib sayılır. Lakin tamamlanmalı olan bürokratik və texniki işlər var... Bütün bunlar həll olunmadan sırf “sərhədi açdım” demək, şou xatirinə addım atmaq olar ki, Türkiyə buna getmir".
Türkiyə XİN qaynaqları da mediada yer alan "Sərhədlər 4 iyunda açılır" şayiələrini rəsmən təkzib edərək, Bakı ilə razılaşdırılmamış heç bir birtərəfli təqvimin olmadığını vurğulayıblar.
İki ölkə arasında Şuşa Bəyannaməsi ilə rəsmiləşən ən yüksək səviyyəli müttəfiqlik münasibətləri mövcud olsa da, Türkiyə daxilindəki bəzi siyasi, diplomatik və media dairələrinin çıxışları zaman-zaman Azərbaycanda haqlı narazılıqlara və suallara yol açır. Bakının bu məsələdə həssas olmasının arxasında duran əsas tezislər bunlardır:
"Azərbaycandan asılı olmayaraq sərhədlər açılsın" tezisi
Türkiyədə bəzi müxalifət nümayəndələrinin, iqtisadiyyat yönümlü ekspertlərin və ya müəyyən yerli icma rəhbərlərinin "Azərbaycanla sülh müqaviləsi imzalanmadan da Ermənistanla sərhədlər açıla bilər, bu, Türkiyənin şərq vilayətlərinin iqtisadiyyatına xeyirdir" tipli çıxışları Bakıda təəssüflə qarşılanır. Azərbaycan ekspert dairələri hesab edir ki, İrəvan konstitusion ərazi iddialarından əl çəkmədən Türkiyənin sərhədi açması, Paşinyan hakimiyyətinə təmənnasız nəfəslik vermək və sülh prosesini sabotaj etmək mənasına gəlir.
Qərb mediasının "veto" manipulyasiyasının Türkiyədə tirajlanması
Türkiyədəki bəzi liberal və ya qərbpərəst şərhçilərin çıxışlarında yer alan "Azərbaycan öz maraqlarına görə Türkiyənin xarici siyasətini girov götürüb" və ya "Bakı Ankaranın Ermənistan siyasətinə veto qoyur" kimi fikirlər müttəfiqlik ruhuna kölgə salmaq cəhdi kimi qiymətləndirilir. Bakı bəyan edir ki, bu, bir veto deyil, iki qardaş ölkənin ortaq regional təhlükəsizlik strategiyasıdır.
Zəngəzur Dəhlizinin "Ticarət marşrutu" dərəcəsinə endirilməsi
Türkiyədə bəzi logistika ekspertlərinin Zəngəzur dəhlizinin Ermənistanın şərtləri ilə (suverenliyi İrəvanda qalmaqla) açılmasına razı olduqlarını eyham vuran çıxışları, yaxud "Zəngəzur olmasa, dəhliz İrandan keçsin, bizim üçün fərqi yoxdur" yanaşmaları Azərbaycanda birmənalı qarşılanmır. Çünki Bakı üçün Zəngəzur dəhlizi təkcə ticari marşrut deyil, Naxçıvanla maneəsiz və təhlükəsiz əlaqəni təmin edən milli təhlükəsizlik məsələsidir.
Beləliklə, Türkiyənin daxili siyasətindəki plüralizm fonunda bu cür fərqli və bəzən zərərli çıxışlar qaçılmaz olsa da, rəsmi Ankara (XİN və Prezident səviyyəsində) hər zaman Azərbaycanla çiyin-çiyinə hərəkət etdiyini bəyan edir. Səfir Rəşad Məmmədovun son açıqlamaları da təsdiqləyir ki, bəzi daxili çıxışların yaratdığı narazılıqlara rəğmən, dövlət ağlı səviyyəsində Bakı və Ankara tam müttəfiqlik formatında, koordinasiyalı şəkildə hərəkət edir və açar hələ də İrəvanın əlindədir.
Türkiyədə Azərbaycana qarşı kampaniya kimə sərfəlidir?
Politoloq Fərhad Məmmədov “Pressklub”a müsahibəsində təəssüflə bildirib ki, iki gündür Türkiyənin sosial mediasında, xüsusən də bəzi diplomatlar və jurnalistlər arasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova qarşı etirazlar başlayıb. “Bu, diplomatın Ermənistanla bağlı Azərbaycan-Türkiyə koordinasiyasından danışdığı müsahibədən qaynaqlanıb. Əslində səfir yeni və ya Türkiyə prezidenti ilə xarici işlər nazirinin açıqlamalarından fərqlənən heç nə deməyib”, - ekspert əlavə edib.
F.Məmmədovun sözlərinə görə, una baxmayaraq, bəzi təqaüdçü diplomatlar və jurnalistlər Azərbaycan səfirinin etiraz üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmasını tələb edən paylaşımlar edirlər: “Özü də bütün bunlar Azərbaycan və Türkiyə liderləri arasında Ermənistanla münasibətlər, Cənubi Qafqaz, Mərkəzi Asiya, Suriya, Afrika, Aİ və s. kimi regional gündəmlər barədə tam qarşılıqlı anlaşma fonunda baş verir. Hələ ikitərəfli münasibətlərin bütün spektrini sadalamasaq belə, aydındır ki, Ankara üçün Azərbaycan mövzusu həssas mövzudur və bu qədər sərt reaksiyalar cari kampaniyanın arxasında bir “rejissorun” olduğunu göstərir”.
Ermənistanda seçki kampaniyasının sona yaxınlaşdığını xatırladan F.Məmmədov qeyd edib ki, Türkiyə diplomatik xidmətindəki hansısa qrup Azərbaycanla razılaşdırılmadan Ermənistanla bağlı hər hansı bir addımı həyata keçirməyə ümid edirdisə və bunu bacara bilmədisə, cari kampaniyadan müsbət nəticə əldə etmək üçün artıq çox gecdir: “Makronun Ermənistan-Türkiyə sərhədini keçməsinin məhz belə bir addım olması nəzərdə tutulurdu və bunun qarşısı son anda Azərbaycan tərəfindən alındı. Beləliklə, görünür, Türkiyədə hələ də Türkiyənin Cənubi Qafqazdakı gücünün Azərbaycanla müttəfiqliyində olduğu reallığı ilə barışa bilməyən diplomatlar var və bu hal mütləq nəzərə alınmalıdır”.
Ekspert vurğulayıb ki, Türkiyədə bu diplomatlar qrupu "monşerlər" adlanır - varlı ailələrdə doğulmuş, Qərbdə təhsil almış və milli baxışlardan məhrum olan diplomatlar. Onun fikrincə, heç bir monşer və ya onların sosial media uzantıları Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinə nifaq sala bilməyəcək.
F.Məmmədov daha sonra əlavə edib: “Qərbdə, elə Azərbaycanda da olan bəzi ekspertlər deyirlər ki, Ermənistanla sülh müqaviləsini imzalayaq, Türkiyə ilə sərhədlərinin açıqlmasına imkan verək... Onlar bir şey anlamırlar: rəsmi Bakının məntiqi ondan ibarətdir ki, biz seçkiqabağı elə addımlar atmalıyıq, sabah onun geridönüşü olsun. Məsələn, bu gün tranzit açılıb, sabah bağlana bilər, biz bunu Paşinyanla danışmışdıq, amma seçkilərdə Karapetyan hakimiyyətə gəlib. Amma elə addımlar var ki, biz onları indi atsaq, sonra onların geriyə dönüşü olmayacaq. Türkiyə Ermənistanla sərhədi açsa, sonra qapada biləcəyik, yoxsa yox? Əlbəttə, yox! O zaman necə olacaq? Ermənistanda Rusiyapərəst qüvvələrin hakim olduğu, Türkiyə bayrağını yandıran hakimiyyətlə diplomatik münasibətlər quracaq? Bu, sadəlövh yanaşmadır. Mən təəccüb edirəm, 40 il təcrübəsi olan diplomat da belə düşünür, yeni fəaliyyətə başlayanda ... Bəzən Türkiyə ekspertləri deyirlər: Fransa Ermənistanda güclənir, buna imkan vermək olmaz!... Doğurdanmı belə düşünürlər ki, Fransa birdən-birə Ermənistanda o qədər güclənəcək? Türkiyə hətta 3 ildən sonra Ermənistanla sərhədləri açsa belə qısa müddətdə ticarət həcminə görə Fransadan üstün olacaq. Zatən 300 milyon dollarlıq dövriyyə var. 25 il dözmüşük, bir az da dözmək lazımdır. Görürsünüz ki, Ermənistan cəmiyyətinin müəyyən bir hissəsini uzun illərdən sonra birtəhər yola gətirmişik. İndi onlardan cavab gözləyirik”.
F.Məmmədov vurğulayıb ki, Ermənistanda keçiriləcək seçkilərdə müxalifət qalib gəlsə, bu avtomatik olaraq erməni cəmiyyətinin sülh prosesinə münasibətdir: “Onlar qalib gəlsə, Cənubi Qafqazda ən Qərbyönümlü ölkə Azərbaycan olacaq. Maraqlıdır, o zaman Qərb bizə Ermənistana olan münasibəti sərgiləyəcək, yoxsa yox? Yoxsa gedib Rusiyapərəstlərin – Koçaryanın, Sarkisyanın, Karapetyanın cibinə girəcəklər? Sual budur.
Biz onsuz da erməniləri çərçivəyə salmışıq – bu çərçivə imzalanmış sənədlərdir. Məsələn, sərhədlərlə bağlı birgə komissiya, indi cəhd eləsinlər o komissiyadan çıxsınlar. Azərbaycan o zaman deyəcək ki, siz bu sərhədlə barışmırsızsa, o zaman hər şey fərqli olacaq. Yaxşı, o zaman Türkiyə nə edəcək? İrəvana səfir yollayacaq, diplomatik münasibət quracaq? Təəssüf ki, orada belələri var, orta səviyyəli diplomatlardır, bilmirəm onlara nə olub... Qərb ekspertləri ilə söhbət edirsən, elə şeylər danışırlar, deyirəm bu barədə sizdə məlumat haradandır, deyirlər, Türkiyə XİN-də görüşmüşdük, onlar deyiblər. Yəni bu qədər hulqumu olmayan diplomat olar? Hər şeyi açıb tökürlər. Bəziləri də deyirlər ki, Azərbaycana görə sərhədləri açmırıq... Türkiyənin özünə görə açmırlar. 1991-ci ildə Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımışdı? İndi 2020-ci ildən sonra birtəhər gətirmişik düz yola, proses indi nəticə verməyə başlayıb, bir az gözləyin...”
Turqut










AZ
RU