Putin müharibə üçün yeni hədəf tapıb –Növbə Moldovanındır?

Dnestryanı bölgə sakinlərinə Rusiya pasportunun verilməsinin sadələşdirilməsi mürəkkəb proseslərə səbəb ola bilər...
Yenixeberorg.com: Putin mayın 15-də “Dnestryanı bölgə sakinlərinin Rusiya Federasiyası vətəndaşlığına qəbulu haqqında” fərman imzalayıb. Hüquqi informasiya üzrə rəsmi portalda dərc olunan sənəddə bildirilir ki, fərman “insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məqsədilə” və “beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri” əsasında qəbul edilib.
Fərmana əsasən, sənədin qüvvəyə mindiyi günə qədər Dnestryanı bölgədə daimi yaşayan 18 yaşdan yuxarı xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya pasportunu sadələşdirilmiş qaydada əldə etmək hüququ qazanırlar. Yəni onlar üçün bir sıra standart tələblər tətbiq edilməyəcək. Bundan başqa, yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti məhdud olan region sakinlərinin Rusiya vətəndaşlığına qəbul qaydası da ayrıca müəyyənləşdirilib.
RF pasportunun alınması üçün müraciətlər təsdiqlənmiş formalar əsasında Rusiyanın diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edilməlidir. Bu barədə The Moscow Times məlumat yayıb.
Moldova prezidenti Maya Sandu bəyan edib ki, Vladimir Putinin tanınmamış Dnestryanı bölgə sakinlərinə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının verilməsi barədə fərmanı əslində həmin region əhalisinin Ukraynaya qarşı müharibəyə cəlb olunması üçün gizli səfərbərlik cəhdi ola bilər.
“Onlara sadəcə Ukraynadakı müharibəyə göndərmək üçün daha çox insan lazımdır”, – Politico nəşri Sandunun sözlərini sitat gətirib.
Dövlət başçısının fikrincə, bu addım həm də Kremlin Dnestryanı bölgənin reinteqrasiyası istiqamətində Moldovanın səylərinə təzyiq göstərmək üçün istifadə etdiyi taktikalardan biri ola bilər.
Prezident vurğulayıb ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra region sakinlərinin əksəriyyəti Moldova pasportu almağa üstünlük verib. Çünki onlar hesab edirlər ki, “Moldova Respublikasının vətəndaşlığı onlara Rusiya vətəndaşlığından daha çox təhlükəsiz təmin edir”.
Putinin Dnestryanı məsələsindən istifadə edərək Moldovanın Avropa İttifaqına üzvlüyünü bloklaya bilib-bilməyəcəyi barədə suala cavab verən Sandu deyib: “Moldovanın Aİ-nin üzvü olub-olmayacağına yalnız Avropa İttifaqı qərar verə bilər. Rusiyanın burada heç bir hüququ yoxdur”.
Öz növbəsində, Moldova baş naziri Aleksandru Muntyanu da bəyan edib ki, Kremlin tanınmamış Dnestryanı bölgənin sakinlərinə Rusiya vətəndaşlığının verilməsini sadələşdirməsi Ukraynaya qarşı müharibəyə daha çox insan cəlb etmək cəhdi ilə bağlı ola bilər. Bu barədə NewsMaker məlumat yayıb.
Moldova hökumətinin başçısının sözlərinə görə, Rusiya hərbi qulluqçuların cəlb olunması tempinin azalmasını kompensasiya etməyə çalışır. O, həmçinin region sakinlərini xəbərdar edib ki, Rusiya vətəndaşlığı təkcə müəyyən üstünlüklər deyil, həm də öhdəliklər – o cümlədən vergi və mümkün hərbi xidmət deməkdir.
Moldova hakimiyyəti Rusiya prezidentinin fərmanına cavab olaraq rəsmi tədbirlər paketini təsdiqləmək üçün aidiyyəti üzrə müzakirələr keçirməyi planlaşdırır. Cavab addımlarından biri kimi Rusiya diplomatik korpusunun nümayəndəsinin yenidən Xarici İşlər Nazirliyinə çağırılması nəzərdən keçirilir.
“Biz buna necə reaksiya verəcəyimizi müzakirə edəcəyik və lazım gələrsə, Rusiya səfirini çağıracağıq. Bilirsiniz ki, biz onu dronlarla bağlı məsələlərə görə artıq bir neçə dəfə çağırmışıq”, – baş nazir vurğulayıb.
Bəs Putinin bu fərmanının mahiyyətini başqa necə izah etmək olar? Bu, ölkəyə təzyiqin daha bir forması sayıla bilərmi? Və belə təzyiq nəyə hesablanıb?
Pressklub.az-ın suallarını cavablandıran tarix elmləri doktoru, Kişinyovdakı Effektiv Siyasət İnstitutunun direktoru Vitaliy Andriyevskinin sözlərinə görə, Kremlin Moldova və Dnestryanı bölgə ilə bağlı hazırkı strategiyasında bir neçə əsas məqamı ayırd etmək olar.

“Son hadisələr – Vladimir Putinin Dnestryanı bölgə sakinləri üçün sadələşdirilmiş vətəndaşlıq haqqında fərmanı və Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovun Tiraspoldakı qondarma “hökumətin” iclaslarında açıq iştirakı təsadüfi deyil. Bu, Moskvanın Kişinyova təzyiqi gücləndirmək üçün hüquqi və psixoloji baza yaratmağa yönəlmiş planlı aksiyasıdır.
Rusiya pasportlarının kütləvi şəkildə paylanmasının iki əsas izahı mövcuddur. Praqmatik səbəb kimi Ukraynaya qarşı müharibə üçün insan resursları (“mərmi üçün yem”) çatışmazlığını kompensasiya etmək və Rusiyanın daxili demoqrafik problemlərini həll etmək cəhdi göstərilə bilər. Digər izah isə geosiyasidir – bu, daha əvvəl Abxaziya, Cənubi Osetiya və Donbasda tətbiq olunmuş sınaqdan çıxmış texnologiyadan istifadədir. Əvvəlcə çoxsaylı “Rusiya vətəndaşları” yaradılır, sonra isə onların “müdafiəsi” zərurəti adı altında siyasi təzyiq və ya hərbi müdaxilə əsaslandırılır.
Və burada təhlükəsizlik və suverenlik üçün risklər yaranır. Gərginliyin daha da artması “sülhməramlılar” adı altında Rusiya hərbi kontingentinin artırılmasına, Dnestryanının müstəqilliyinin rəsmi tanınmasına, Moldovanın suverenliyinə və bütövlükdə regional təhlükəsizlik sisteminə birbaşa zərbə vurulmasına gətirib çıxara bilər. Bu isə nüvə şantajı üsulları ilə müşayiət oluna bilər”, – analitik bildirib.
O qeyd edib ki, yaranmış vəziyyətdə Moldova hakimiyyətinə passiv şərhlərdən aktiv addımlara keçməyi tövsiyə edərdi. “Dövlət səviyyəsində təcili olaraq Ali Təhlükəsizlik Şurası çağırılmalı, real müdafiə planı hazırlanmalı və cəmiyyət mövcud təhdidlər barədə açıq şəkildə məlumatlandırılmalıdır. Beynəlxalq səviyyədə isə Aİ, NATO, ABŞ, Rumıniya və Ukrayna ilə əməkdaşlıq kəskin şəkildə fəallaşdırılmalıdır. Nəzarət sahəsində sərhədlər, informasiya məkanı və xarici strukturların fəaliyyəti üzərində nəzarət sərtləşdirilməlidir.
Hüquqi və diplomatik addımlar da atılmalıdır. Məsələn, kütləvi pasportlaşdırmaya qarşı hüquqi mexanizmlər hazırlanmalı və Rusiya diplomatlarının hərəkəti məhdudlaşdırılaraq onların Kişinyovun icazəsi olmadan Dnestryanı bölgəyə səfərləri qadağan edilməlidir.
Mənim əsas nəticəm ondan ibarətdir ki, Kreml Moldovanı yenidən qeyri-stabillik üçün meydança kimi nəzərdən keçirir. Ötən illərin təcrübəsi göstərir ki, Moskva ona nə qədər imkan verilirsə, məhz o qədər irəliləyir. Bu təhlükənin bu gün lazımınca qiymətləndirilməməsi gələcəkdə fəlakətli olaylar bahasına başa gələ bilər”, – Vitaliy Andriyevski yekunlaşdırıb.
Rauf Orucov










AZ
RU