Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadənin şirkəti 41 milyon 266 min manatlıq tenderin qalibi elan olunub.
Yenixeberorg.com: Tenderin qalibi olan "Hovers Group" Məhdud Məsuliyyətli Cəmiyyəti Laçında yeni yaşayış məhəlləsinin inşasından məsul olacaq. Satınalmanın sifarişçisi isə "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" adlı publik hüquqi şəxsdir.
Məlumata görə, Səbuhi Mehdizadə sözügedən şirkətin təsisçisidir. O, xüsusi nümayəndənin müavini vəzifəsinə 2024-cü il iyulun 15-də təyin edilib. S.Mehdizadə daha öncə həmin nümayəndəlikdə baş məsləhətçi kimi çalışıb.
O, xüsusi nümayəndəlikdən öncə isə kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru və başqa rəsmi vəzifələrdə çalışıb. S.Mehdizadə həm də Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.
Məlumat üçün qeyd edək ki, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevdir.










AZ
RU
