Gərginlik fonunda diplomatik hücum:Meloni və Kallasın səfərinin arxasında nə dayanır?

Avropa Parlamenti ilə münasibətlər dayanır, Avropa ilə əməkdaşlıq güclənir...
Yenixeberorg.com: Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərinin gərginləşməsi fonunda Bakıya bir-birinin ardınca İtaliyanın baş naziri və Aİ-nin xarici siyasət rəhbəri səfər edib. Prezident İlham Əliyev Corciya Meloni və Kaya Kallasla görüşüb və bu danışıqların gərgin keçdiyini demək olmaz. Əksinə, müsbət ab-hava, gələcəkdə məhsuldar tərəfdaşlıq və əməkdaşlığa dair təminatlar diqqət çəkib.
İtaliya baş naziri Corciya Meloninin mayın 4-də baş tutan səfəri Azərbaycanın Xəzər regionunda Roma üçün əsas strateji tərəfdaş statusunu bir daha təsdiqləyib. Görüşlər zamanı TAP qaz kəmərinin ötürmə qabiliyyətinin artırılması və İtaliya ilə Avropaya qaz tədarükünün ikiqat artırılması məsələsi təsdiqlənib.
Azərbaycan həmçinin İtaliyanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi layihələr üçün mühüm logistika və investisiya mərkəzi kimi qiymətləndirilir.
Tərəflər İtaliya istehsalı olan hərbi texnikanın alınması və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini də müzakirə ediblər.
Bərpa olunan enerji mənbələrinin inkişafı və “yaşıl” elektrik enerjisinin Qara dəniz kabeli vasitəsilə ixracına dair memorandumlar imzalanıb.
Qeyd edək ki, İtaliya Azərbaycan neftinin ən böyük alıcısı olaraq qalır. İtaliya həmçinin, Avropa İttifaqı daxilində Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
Eyni zamanda, Çinlə Aİ arasında yüklərin daşınması üçün Orta Dəhlizin (Transxəzər marşrutu) inkişafı məsələsi də müzakirə olunub.
Meloni noyabrda keçiriləcək BMT-nin iqlim sammitinə hazırlıq məsələsində Bakıya dəstəyini ifadə edib.
Mayın 5-də Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri baş tutub. Bu səfər Azərbaycanın Aİ üçün etibarlı enerji tərəfdaşı statusunu bir daha təsdiqləyib. Onun keçirdiyi görüşlər zamanı ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Ermənistanla sülh prosesinə dəstək məsələləri müzakirə olunub. Əsas məqsəd Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi olub.
Kallas vurğulayıb ki, Azərbaycan Aİ üçün dəyərli enerji tərəfdaşıdır və İttifaq daha strukturlaşdırılmış əməkdaşlığa yönəlib.
Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazır olduğunu bildirib və minatəmizləmə fəaliyyəti, eləcə də etimadın möhkəmləndirilməsi tədbirləri üzrə ən böyük donor olaraq qalır.
Nəqliyyat, rəqəmsal texnologiyalar və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub.
Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Kaya Kallasla görüşlər keçiriblər.
Bu səfər geosiyasi dəyişikliklər fonunda Aİ-nin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətini nümayiş etdirib.
Lakin burada maraqlı sual yaranır: bir tərəfdən Avropa Parlamenti ilə münasibətlərin kəskin gərginləşməsi, digər tərəfdən isə məhz bu dövrdə Aİ-nin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri necə uzlaşır? Baş verənləri necə izah etmək olar?
Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədlinin sözlərinə görə, hazırda Avropada həm daxili, həm də xarici problemlərin sayı artıb.

“Xüsusilə Avropanın hərbi və enerji təhlükəsizliyi ciddi təhdid altındadır. ABŞ, Rusiya və Çinlə münasibətlərdə müxtəlif çətinliklər mövcuddur. Bəzi Avropa dövlətləri problemlərini Avropa İttifaqı çərçivəsində deyil, fərdi şəkildə həll etməyə üstünlük verirlər. Çünki bəzən fərdi siyasi əməkdaşlıq kollektiv qərarlardan daha çevik və effektiv olur.
Azərbaycan hökuməti Avropa ölkələri ilə ticarət-iqtisadi, enerji və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığa can atır. Avropa isə öz növbəsində enerji tələbatını qarşılamaq üçün Azərbaycanla əlaqələri gücləndirməyə çalışır. Yəni tərəflər bir-birinə qarşılıqlı ehtiyac duyur”, – ekspert qeyd edib.
O, eyni zamanda vurğulayıb ki, Azərbaycan hökuməti Avropa beynəlxalq təşkilatları ilə əməkdaşlığı yalnız öz maraqları çərçivəsində məqbul hesab edir. “Xüsusilə söz azadlığı, demokratiya, insan hüquqları və azad seçkilər kimi məsələləri gündəmə gətirən qurumlardan müəyyən məsafə saxlamağa üstünlük verir.
Hazırda Avropa Parlamenti və Avropa Şurası kimi strukturlarla gərgin münasibətlər ayrı-ayrı Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlığa mane olmur. Avropa hökumətləri üçün prioritet milli maraqların təmin edilməsidir, Avropa institutları isə əsasən siyasi-hüquqi dəyərlərə əsaslanan mövqe tuturlar. Bu zahiri ziddiyyətlər strateji deyil, daha çox taktiki və situativ xarakter daşıyır”, – Məmmədli yekunlaşdırıb.
Rauf Orucov










AZ
RU