BİR SƏHİFƏLİK, 14 BƏNDLİK SƏNƏD... - ABŞ ilə İran anlaşmağa yaxındır +ŞƏRTLƏR

ABŞ ilə İran arasında aparılan müzakirələrin müsbət sonluğa çatacağına dair ümidlər yaranıb.
Yenixeberorg.com: Ağ Ev İranla silahlı münaqişəyə son qoymaq və daha ətraflı nüvə danışıqları üçün zəmin yaratmaq məqsədi daşıyan anlaşma memorandumu bağlamağa yaxın olduğunu düşünür. Bu barədə “Axios” nəşri iki ABŞ rəsmisinə istinadla yazıb ki, anlaşma bir səhifəlik, 14 bəndlik sənəd olacaq və onun məzmunu hazırda xüsusi elçi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə bir neçə İran nümayəndəsi arasında müzakirə olunur.
Razılaşmada, digər məsələlərlə yanaşı, İranın uranın zənginləşdirilməsinə moratorium qoyulması, ABŞ-nin isə Tehrana qarşı sanksiyaları ləğv etməsi və dondurulmuş İran vəsaitlərindən milyardlarla dolları azad etmək tələb edilir. Hər iki tərəf həmçinin Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətləri aradan qaldıracaq. Mənbələr qeyd edirlər ki, tərəflər münaqişə başlayandan bəri heç vaxt razılığa bu qədər yaxınlaşmayıblar.
Danışıqlarda iştirak edən Pakistan vasitəçisi “Reuters”-ə təsdiqləyib ki, onlar həqiqətən də bir səhifəlik memorandum imzalamağa yaxındırlar: "Biz bunu çox tezliklə yekunlaşdıracağıq. Biz buna yaxınıq".
ABŞ rəsmilərindən birinin sözlərinə görə, 30 günlük müddət ərzində İranın gəmiçilik məhdudiyyətləri və ABŞ-nin dəniz blokadası tədricən aradan qaldırılacaq.
Qeyd olunur ki, uranı zənginləşdirmə moratoriumunun müddəti ilə bağlı intensiv danışıqlar aparılır. Mənbələr bunun ən azı 12-15 il olacağını düşünür. Bu müddətdən sonra İran uranı yalnız 3,67% səviyyəsinə qədər zənginləşdirə biləcək. Əvvəllər İran yalnız 5 illik moratorium təklif edir, ABŞ isə 20 ildə israr edirdi.
“Axios”-un mənbələri Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılaşacağını və beynəlxalq yoxlamalara icazə verəcəyini bildirib. ABŞ də öz növbəsində İrana qarşı sanksiyaları tədricən ləğv edəcəyinə və dondurulmuş aktivlərini azad edəcəyinə söz verir.
Lakin, Ağ Evdən alınan məlumata görə, İran rəhbərliyi bölünüb və müxtəlif fraksiyalar arasında konsensusa gəlmək çətin ola bilər.(Azpolitika)
C.Məmmədli










AZ
RU