Makronun İrəvan səfəri: Paşinyana seçkiöncəsi strateji dəstək mesajı -ŞƏRH

May ayının 4-də Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Sammiti keçirilib. Bu tədbirdə Aİ-nin bir sıra dövlət başçılarının, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun iştirakı təkcə diplomatik hadisə yox, həm də bir sıra mesajları ehtiva edən hadisədir. Bu iştirak əslində Paşinyan hökumətinin son illərdə daha da aydın görünən avropayönümlü xarici siyasət kursunun Qərb tərəfindən dəstəkləndiyini nümayiş etdirir.
Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərinə bir ay qalmış belə bir dəstək isə hakim komanda üçün hava və su kimi vacibdir. Belə bir səfər Nikol Paşinyan hakimiyyətinə dolayısı ilə siyasi dəstək kimi oxunur. Bu, yalnız beynəlxalq legitimlik mesajı vermir, həm də daxili auditoriyaya yönəlik "Qərb Paşinyanın arxasındadır" siqnalını formalaşdırır. Xüsusilə Makronun son dövrlər Ermənistan-Fransa yaxınlaşması fonunda İrəvana səfəri həm də "Ermənistan tək deyil" mesajını verir. Bu addım, hər şeydən əvvəl, Ermənistanın Qərbə inteqrasiyasına açıq və nümayişkaranə dəstəyin ifadəsi kimi çıxış edir. Bu, eyni zamanda Rusiyanın regiondakı təsirinin zəiflədiyi bir dövrdə Fransanın və ümumilikdə Avropanın Cənubi Qafqazda daha fəal rol oynamaq niyyətini açıq şəkildə ortaya qoyur. Bu tədbir eyni zamanda Ermənistanın xarici siyasət kursundakı ciddi dəyişikliklərdən xəbər verir. Paşinyan hökuməti getdikcə Rusiyadan uzaqlaşır və məsafə saxlayır, digər tərəfdən isə Avropa strukturları ilə daha sıx inteqrasiya və yaxınlaşma niyyətlərini göstərir.
Fransa liderinin Paşinyanla səmimi görüntüləri, İrəvan küçələrində səhər qaçışları, Gümrü şəhərinə səfəri, Nikol tərəfindən hava limanına qədər yola salınması, təyyarə trapında öpüş göndərməsi əslində sadəcə diplomatik jest deyil. Bu səfər, açıqlamalar, bəyanatlar, imzalanan strateji tərəfdaşlıq sənədi əslində regiona və bir sıra ölkələrə müxtəlif mesajlar kimi oxunmalıdır.

İlk olaraq, Makronun səfəri və açıqlamaları həm daxili, həm də xarici auditoriyaya (xüsusilə də Rusiyaya) "Ermənistanın beynəlxalq dayağı var və bu dayağın əsasını Fransa başda olmaqla Qərb təşkil edir" mesajıdır. Bu həm də Paşinyan üçün daxili legitimlik qazandıra biləcək açıqlamadır. Paşinyan daxili auditoriyaya, xüsusilə də onu təhlükəsizlik məsələsində ittiham edən müxalif qanada göstərir ki, Avropa ilə intensiv təmaslar, səfərlər və əldə edilən razılaşmalarla İrəvan Qərb kimi yeni geosiyasi dayaq əldə edib və tək deyil. Hakimiyyət bu arqument vasitəsilə daxili auditoriyaya belə bir siqnal verir ki, Paşinyan dövründə ölkə zəifləməyib, sadəcə istiqamətini dəyişərək daha geniş və alternativ tərəfdaşlıq platformalarına çıxış əldə edib. Paralel olaraq isə seçkiöncəsi ictimai rəyə təsir edərək, Paşinyan hakimiyyəti özünü beynəlxalq səviyyədə qəbul olunan və dəstəklənən siyasi qüvvə kimi təqdim etməyə çalışır. Nəticə etibarilə, "Qərb dayağı" tezisi həm xarici siyasətdə istiqamət bəyanı, həm də daxili siyasi mübarizədə effektiv kommunikasiya aləti kimi formalaşdırılır və istifadə olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan uzun illər Kremlin boyunduruğunda olub və ölkənin əsas xarici dayağı Moskva hesab edilib. Rusiya Ermənistanın daxili və xarici siyasətində hər zaman həlledici rol oynayıb. Amma Paşinyan hakimiyyətə gəldikdən sonra dəyişiklik və Qərbə meyllənmə müşahidə olunur və hər il getdikcə daha da açıq şəkildə ortaya çıxır. Artıq Paris və Brüssel alternativ kimi ortaya çıxır. Bu kontekstdə isə Makronun səfəri simvolik əhəmiyyət kəsb edir. Bu səfər seçici auditoriyasına və siyasi elitalara açıq şəkildə göstərir ki, Ermənistanın hazırkı hakimiyyəti artıq yalnız Moskvanın siyasi orbitinə bağlı deyil, eyni zamanda Avropa siyasi platformalarında da dayaq əldə etməyə çalışır. Yəni, Paşinyan Ermənistanı təkqütblü asılılıqdan qurtararaq, çoxqütblü və balanslı xarici siyasət qurmağa cəhd edir.

Qeyd etmək yerinə düşər ki, Makronun səfəri eyni zamanda müxalifətə də mesajdır. Fransa seçkilərə birbaşa müdaxilə etməsə də, siyasi simvolika kifayət qədər güclüdür. İki ölkə başçısı arasında imzalanan strateji tərəfdaşlıq sənədi və yüksək səviyyəli bəyanatlar müxalifətə birbaşa mesajdır ki, Qərb mövcud status-kvonun dəyişməsində maraqlı deyil və hazırkı siyasi kursun davamında maraqlıdır. Belə bir dəstək və mesaj müxalifətin işini çətinləşdirir. Çünki seçkilərdə təkcə daxili ictimai dəstəyə yox, xarici aktorlara da arxalanmaq, onlardan mədəd ummaq məsələsi artıq tarixə qovuşmuş sayılır. Nəticə etibarilə, Fransa kimi aktorların yüksək səviyyəli diplomatik aktivliyi Ermənistanın daxili siyasətində balansı birbaşa dəyişməsə də, siyasi mesajlar səviyyəsində "radikal dəyişikliklərə ehtiyatlı yanaşma" siqnalı yaradan mühüm faktor kimi çıxış edir. Paris yalnız Nikol Paşinyan hakimiyyətini dəstəkləməklə kifayətlənmir, eyni zamanda seçkilərdən sonra hansı siyasi qüvvənin formalaşmasından asılı olmayaraq, Ermənistanın xarici siyasi arxitekturasında əsas Qərb aktorlarından biri kimi qalmaq niyyətini açıq şəkildə nümayiş etdirir.
Fransa liderinin Ermənistana səfəri zamanı Nikol Paşinyanla Gümrü şəhərinə baş çəkməsi də xüsusi əhəmiyyət kəsb edir. Birincisi, Gümrüdə Rusiyanın hərbi bazası var, ikincisi isə 2025-ci ilin mart ayında bu şəhərdə keçirilən yerli özünüidarəetmə orqanı seçkilərində hakim partiya müxalifətə məğlub olub. Bu səbəbdən də iki dövlət başçısının Gümrüyə səfəri çox simvolikdir və ciddi mesaj ehtiva edir. İlk olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın ikinci ən böyük şəhərində Rusiyanın 102-ci bazasının olması fonunda Makronun səfəri "biz buradayıq" mesajını verir və regiondakı güc balansına dair siyasi siqnal xarakteri daşıyır. Fransa lideri Moskvaya mesaj ünvanlayır ki, artıq Ermənistanın təhlükəsizlik arxitekturası sadəcə Moskva ilə məhdudlaşmır. Qərb aktorları bu məkanda aktivləşmə iddiası ilə çıxış edir.

Digər tərəfdən isə Paşinyanın son yerli seçkilərdə burada ciddi elektorat itkisi yaşaması və şəhərin ümumilikdə daha müxalif, eyni zamanda Rusiyaya meyilli ictimai rəyə malik olması Gümrünü Ermənistanın daxili siyasi xəritəsində həssas və simvolik əhəmiyyətli məkana çevirir. Bu fakta görə də Makronun səfəri Paşinyana dolayı siyasi dəstək kimi qəbul edilir. Yəni, Fransa və Qərb Paşinyanı təkcə İrəvanda yox, Rusiya təsiri və nüfuzunun güclü olduğu bölgələrdə də dəstəkləyir.
Son olaraq, qeyd edək ki, Makronun İrəvana səfəri və verilən açıqlamalar Ermənistanın Azərbaycanla sülh prosesinin daxili legitimlik qazanması üçün vacib addım sayılır. Xüsusən də seçki ərəfəsində Nikol Paşinyan üçün sülh gündəliyi daxili siyasətin ən həssas istiqamətidir. Müxalifət isə bu prosesdə revanşizmi qızışdıraraq, sülhü güzəşt və zəiflik kimi təqdim etməyə çalışır. Amma Makronun və Aİ liderlərinin səfəri, Qərbin siyasi mərkəzlərindən gələn mesajlar göstərir ki, sülh sadəcə ikitərəfli razılaşma deyil, eyni zamanda regional sabitlik, inteqrasiya, dostluq və qonşuluq münasibətidir və buna ciddi beynəlxalq dəstək var. Bu isə Paşinyan hakimiyyətinə daxildə əlavə arqument qazandırır. Yəni, Azərbaycanla sülh istiqamətində atılan addımlar zəiflik və ya siyasi geri çəkilmə kimi deyil, əksinə, beynəlxalq dəstək alan realist və praqmatik dövlət siyasətidir.
Nəticə olaraq, deyə bilərik ki, Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfəri Nikol Paşinyana seçkiöncəsi dəstək kimi qəbul edilir. Paris Paşinyana açıq-aşkar və birbaşa dəstək göstərməsə də, ona strateji legitimlik verir. Bu, həm də Nikol Paşinyan hökuməti üçün qarşıdan gələn parlament seçkiləri ərəfəsində həm daxili legitimlik, həm də Rusiyanın təzyiqlərinə qarşı beynəlxalq "təhlükəsizlik çətiri" rolunu oynayır. Yekun olaraq, bu diplomatik manevrlər Ermənistanın Azərbaycanla sülh prosesini bir zəiflik deyil, Qərbə inteqrasiyanın və suverenliyin bərpası yolu kimi təqdim etməsinə xidmət edir.(Report)










AZ
RU