Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... --FOTOLAR/VİDEO

Bakı şəhərinin Xətai rayonunda, Xudu Məmmədov küçəsi, giriş 317 ünvanında inşa edilən qeyri-yaşayış obyektinin tikintisi ətrafında ciddi suallar yaranıb. Rəsmi sənədlərdə obyektin “1 mərtəbəli, zirzəmili” ticarət binası kimi göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə artıq ikinci mərtəbənin də inşa olunduğu müşahidə edilir.
Yenixeberorg.com bildirir ki, tikinti ilə bağlı məlumatlara əsasən, sifarişçi Samirə İdris qızı Səfərova, layihəçi isə CAVANŞİR TİKİNTİ LAYİHƏ MMC-dir. Tikinti obyektinə icazə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib. İcazənin nömrəsi ETİ-13/26, tarixi isə 20.02.2026-cı il göstərilir.
Sənədlərdə obyektin tikinti sahəsinin 216.96 kvadratmetr, ümumi sahəsinin isə 343.64 kvadratmetr olduğu qeyd olunur. Ən diqqətçəkən məqam isə “mərtəbələrin sayı” hissəsində binanın “1 mərtəbəli, zirzəmili” kimi göstərilməsidir.
Lakin ərazidən yayılan videogörüntülər və yerli sakinlərin müşahidələri fərqli mənzərə ortaya qoyur. Görüntülərdən aydın görünür ki, obyektin ikinci mərtəbəsi artıq tam şəkildə qaldırılıb və tikinti işləri davam etdirilir. Bu isə təsdiqlənmiş layihədən kənara çıxılması ilə bağlı ciddi şübhələr yaradır.
Məsələnin digər mühüm tərəfi isə “zirzəmi” anlayışı ilə bağlıdır. Tikinti normalarında zirzəmi əsasən onun yer səviyyəsinə münasibəti ilə müəyyən edilir. Belə ki, zirzəmi hesab olunan hissənin böyük bölümü torpaq səviyyəsindən aşağıda yerləşməlidir. Onun döşəməsi yer səviyyəsindən aşağı olur və hündürlüyünün müəyyən hissəsi torpaq altında qalmalıdır.
Əgər konstruksiya faktiki olaraq tam şəkildə yerüstü mərtəbə kimi inşa edilirsə, geniş pəncərə və girişlə normal istifadə olunursa, bu halda ona sadəcə “zirzəmi” adı verilməsi kifayət etmir. Belə konstruksiyalar bir çox hallarda ayrıca mərtəbə kimi qiymətləndirilir.
Məhz bu səbəbdən ictimaiyyətdə belə bir sual yaranır: sənəddə “1 mərtəbəli, zirzəmili” kimi göstərilən obyekt əslində iki mərtəbəli bina kimi inşa edilirsə, bu vəziyyətə hansı qurumlar nəzarət edir?
Mütəxəssislərin fikrincə, təsdiqlənmiş layihədən kənar əlavə mərtəbənin tikilməsi şəhərsalma və təhlükəsizlik normalarının pozulması hesab oluna bilər. Belə hallarda aidiyyəti dövlət qurumlarının - xüsusilə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər nəzarət orqanlarının məsələyə münasibət bildirməsi vacib sayılır.
Hazırda ictimaiyyət tikintinin layihəyə uyğun aparılıb-aparılmaması ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləyir.
Bizimesr.com
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/xetai-rayonunda-qalmaqali-tikinti---senedde-1-realliqda-ise-2-mertebe---video-21870










AZ
RU

