Çin lideri Yaponiyanı müzakirə edərkən daha ucadan və əsəbi danışıb
Yenixeberorg.com: Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla Pekində keçirilə görüş zamanı Yaponiyanın Baş naziri Sanae Takaiçini ölkənin yenidən hərbiləşdirilməsi ilə bağlı tənqid edib. Bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Pekindəki görüşdən xəbərdar olan yeddi nəfərin sözlərinə görə, Si Cinpin Yaponiyanı müzakirə edərkən daha ucadan və əsəbi danışıb.
Bu, ABŞ rəsmilərini təəccübləndirib, çünki bu mövzu əvvəllər müzakirə olunmayıb. Bir neçə nəfər Si Cinpinin şifahi hücumunun liderlər arasında iki günlük sammitin ən qızğın hissəsi olduğunu bildirib.
Çin lideri Takaiçi və Yaponiyanı artan müdafiə xərclərini tənqid etdikdən sonra Tramp Tokionun Şimali Koreyadan gələn artan təhdid səbəbindən daha qətiyyətli təhlükəsizlik mövqeyi tutmalı olduğunu bildirib. Trampın Çini Yaponiyanın təhlükəsizliyi kontekstində qeyd edib-etmədiyi hələ də məlum deyil.
Ağ Evin Yaponiya işləri üzrə keçmiş yüksək vəzifəli rəsmisi Kristofer Conston bildirib ki, Si Cinpinin Yaponiyaya "sərt yanaşması" və Trampın sabit ABŞ-Çin münasibətləri istəyindən istifadə etmək cəhdi yalnız Tokionun təhlükəsizlik məsələlərində özünü təmin etmək istəyini təsdiqləyib.
ABŞ-dakı Çin səfirliyi Si Cinpinin sözləri ilə bağlı şərh verməyib, lakin Yaponiyanın sağçı qüvvələrinin "regional sülhün təməllərini sarsıtmağa" çalışdığını bildirib.
Səfirlik əlavə edib ki, "Yaponiya əvvəlcə Tayvana qarşı yanlış ritorikasına və hərəkətlərinə son qoymalı, ehtiyatsız yenidən hərbiləşdirmə siyasətinə son qoymalı, mehriban qonşuluq, dostluq və dinc inkişaf yoluna qayıtmalı və konkret hərəkətlərlə Asiya qonşularının və dünyanın etimadını qazanmalıdır".










AZ
RU