Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Kremldən İrəvana göndərilən təhdidkar "gizli məktub"un şifrələri:Trampın Paşinyana dəstəyi Rusiyanı niyə qəzəbləndirdi

Əgər, Paşinyan hakimiyyəti seçkilərdə qalib gələrsə, Ermənistanın ABŞ və Avropa Birliyinə yaxınlaşma siyasəti daha da intensivləşə bilər... Bu halda, Rusiyanın Ermənistana qarşı enerji, ticarət və təhlükəsizlik sahələri üzrə daha radikal addımlar ata biləcəyi isə qətiyyən istisna olunmur...

Yenixeberorg.com: Cənubi Qafqazda geosiyasi qarşıdurma yeni və daha təhlükəli mərhələyə daxil olur. Belə ki, Paşinyan hakimiyyətinin Ermənistanı Avropa Birliyi və ABŞ-la sürətlə yaxınlaşdırma siyasəti Rusiyanın sərt reaksiyasına səbəb olub. Kreml artıq açıq şəkildə rəsmi İrəvana xəbərdarlıq edir ki, əgər, Ermənistan Qərbə inteqrasiya kursunu davam etdirərsə, Rusiya bu ölkəyə strateji iqtisadi güzəştləri ləğv edə bilər. Bu isə Ermənistanın enerji təhlükəsizliyi, iqtisadi sabitliyi və regional mövqeyi baxımından, son dərəcə neqativ nəticələr vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya mediasının məlumatına görə, Kremldən Ermənistana göndərilən rəsmi, ancaq "məxfi məktub"da təbii qaz, neft məhsulları və almaz tədarükü ilə bağlı 2013-cü ildə imzalanmış güzəştli sazişin birtərəfli qaydada dayandırılma ehtimalı vurğulanıb. Həmin saziş çərçivəsində Rusiya Ermənistana təbii qaz və digər enerji məhsullarını ixrac rüsumu olmadan göndərir. Və bu isə uzun illər ərzində Ermənistan iqtisadiyyatının əsas enerji qaynaqlarından hesab olunurdu.

Ancaq əslində, Rusiyanın bu xəbərdarlıq mesajı yalnız iqtisadi xarakter daşımır. Kreml bununla Paşinyan hakimiyyətinə açıq şəkildə anlatmağa çalışır ki, Ermənistanın Avropa Birliyi və ABŞ-la strateji yaxınlaşması Rusiyanın regional maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və elə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamaları da bunu təsdiqləyir.

Məsələ ondadır ki, Mariya Zaxarova Paşinyan hakimiyyətinin strateji tərəfdaşlıq bəyanatları ilə atdığı real siyasi addımlar arasında ciddi fərqlərin yarandığını bildirib. O, rəsmi İrəvanın “Avroatlantik məkana balanssız yaxınlaşma” cəhdlərini sərt şəkildə tənqid edib. Və Ermənistanın son vaxtlar ABŞ-la münasibətlərini sürətlə genişləndirdiyini də nəzərə aldıqda, əslində, Kremlin bu narahatlığı qətiyyən təsadüfi görünmür.

Hər halda, ABŞ dövlət katibi Marko Rubionun İrəvana seçki ərəfəsində səfəri və burada imzalanan yeni sənədlər Ağ Evin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlandığını göstərir. Belə ki, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə strateji əməkdaşlıq memorandumunu artıq paraflayıblar. Bundan əlavə, tərəflər nadir torpaq elementləri, önəmli minerallar və regional logistika sahəsində də genişmiqyaslı əməkdaşlıq sənədləri imzalayıblar.

Böyük ehtimalla ABŞ-ın əsas məqsədi Cənubi Qafqazı yeni geoiqtisadi və geostrateji marşruta çevirməkdir. Ağ Evdə hesab edirlər ki, TRIPP layihəsi vasitəsilə Orta Asiyanın enerji resurslarını Rusiya və İran ərazisindən yan keçməklə, Avropaya çatdırmaq mümkündür. Eyni zamanda, bu layihə Çin üçün əlavə logistika və iqtisadi problemlər yaratmaq məqsədi də daşıyır. Beləliklə, Cənubi Qafqaz tədricən ABŞ-ın qlobal enerji və tranzit strategiyasının əsas tərkib hissəsinə çevrilir.

Digər tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyan isə artıq bu geopolitik dəyişiklikləri, məhz seçki ərəfəsində ölkədaxili auditoriyaya “iqtisadi müstəqillik”kursu kimi təqdim etməyə çalışır. Belə ki, erməni baş nazir Paşinyan yaxın gələcəkdə Ermənistanın TRIPP layihəsi sayəsində tranzit ölkəyə çevriləcəyini bəyan edib. Onun fikrincə, Ermənistan ölkə ərazisindən təbii qaz tranzitindən əldə ediləcək gəlirlər hesabına “öz qazını” təmin edə biləcək. Və bununla Paşinyan hakimiyyəti əslində, ölkəni Rusiyanın enerji təsirindən çıxartmaq niyyətini qətiyyən gizlətmir.

Bütün bunlara paralel olaraq, ABŞ prezidenti Donald Trampın seçkilərdə Ermənistan baş naziri Nikol Paşinyana açıq siyasi dəstəyi isə onsuz da gərgin olan vəziyyəti daha da həssaslaşdırıb. Belə ki, Ağ Ev sahibi Donald Tramp baş nazir Nikol Paşinyanı “Ermənistanı güclü və təhlükəsiz edən lider” adlandıraraq, ona parlament seçkilərində “tam və qeyd-şərtsiz dəstək” verdiyini açıqlayıb. Və ABŞ prezidentinin belə açıq şəkildə Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməsi Ağ Evin Cənubi Qafqazda Rusiya ilə geopolitik savaşa qərar verdiyini də göstərir.

Digər tərəfdən, Ermənistan mediasında yayılan məlumatlara görə, ABŞ-ın dövlət katibi Marko Rubionun İrəvana səfəri də məhz Paşinyanın seçki reytinqini artırmaq məqsədi daşıyır. Belə ki, “Hraparak” nəşrinin iddiasına əsasən, Avropa Birliyi sammiti Ermənistan hakimiyyətinin reytinqini müəyyən qədər yüksəltsə də, Ağ Ev baş nazir Nikol Paşinyanın ölkədaxili mövqelərini daha da gücləndirmək üçün birbaşa siyasi dəstək xəttini işə salıb. Və bu, parlament seçkilərində Rusiyanın hakimiyyətə can atan agentura şəbəkəsinə kifayət qədər ciddi problemlər yarada biləcək manevr hesab olunur.

ABŞ-ın Paşinyan hakimiyyətinə dəstək manevrlərinə paralel olaraq isə Rusiya Ermənistana qarşı həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik üzrə xəbərdarlıq mesajları verir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun, Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun Avrasiya İqtisadi İttifaqının son sammitində Ermənistan məsələsini müzakirə etdiklərini açıqlaması da məhz bunu göstərir. Və üstəlik, Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu isə Ermənistandakı Rusiya hərbi bazasının bağlanması üçün “heç bir ciddi əsas görmədiklərini” bildirib.

Təbii ki, bu açıqlamalar Rusiyanın hələlik Ermənistanı tam şəkildə itirmək istəmədiyini göstərir. Ona görə də, Kreml artıq Ermənistana qarşı iqtisadi təzyiq rıçaqlarını daha sərt formada gündəmə gətirir. Çünki Ermənistan iqtisadiyyatı uzun illər ərzində Rusiyanın ucuz qazı, enerji güzəştləri, əmək miqrasiyası və ticarət əlaqələri hesabına ayaqda qalıb. Və bu mexanizmlərin zəifləməsi Ermənistan üçün ciddi sosial-iqtisadi problemlər yarada bilər.

Digər tərəfdən, ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün hazırda böyük "geopolitik imkan pəncərəsi" görür. Belə ki, Ukrayna müharibəsinin başlanmasından sonra ABŞ və Qərb Rusiyanın postsovet məkanındakı təsir mexanizmlərini zəiflətməyə çalışır. Və Ermənistan isə bu prosesdə ən həssas, həm də strateji istiqamətlərdən birinə çevrilib.

Ancaq Ermənistan üçün bu geopolitik dönüşün riskləri də kifayət qədər böyük ola bilər. Çünki TRIPP layihəsi yalnız Rusiyanın deyil, İranın da geopolitik maraqları ilə ciddi ziddiyyət təşkil edir. Belə ki, Ağ Evin Cənubi Qafqaz üzərindən İranı regional tranzit layihələrindən sıxışdırmaq planı rəsmi Tehranda ciddi narahatlıq yaradır. Və bu isə yaxın gələcəkdə regionda daha mürəkkəb, həm də təhlükəli qarşıdurma ssenarilərini gündəmə gətirə bilər.

Göründüyü kimi, Ermənistan hazırda artıq sadəcə, ölkədaxili siyasi seçim qarşısında deyil. Bu ölkə faktiki olaraq, ABŞ və Qərbin Rusiya ilə geopolitik rəqabətinin əsas poliqonlarından birinə çevrilir. Yəni, iyunun 7-də keçiriləcək parlament seçkiləri yalnız hakimiyyət uğrunda mübarizə deyil. Çünki bu, həm də Ermənistanın gələcək geopolitik istiqamətinin müəyyən olunacağı ən kritik mərhələ kimi qiymətləndirilir.

Belə anlaşılır ki, əgər, Paşinyan hakimiyyəti qalib gələrsə, Ermənistanın Qərbə yaxınlaşma siyasəti daha da intensivləşə bilər. Bu halda, Rusiyanın Ermənistana qarşı enerji, ticarət və təhlükəsizlik sahələri üzrə daha radikal addımlar ata biləcəyi qətiyyən istisna olunmur. Rusiyanın agentura şəbəkəsinin hakimiyyəti ələ keçirəcəyi təqdirdə isə Ermənistan daxilində siyasi sabitliyin pozulması və regionda böyük güclər arasında yeni qarşıdurma mərhələsinin başlanması ilə bağlı ehtimallar daha da güclənəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam