Putin qorxur! –Amma nədən?

Ekspert: Hərbi texnikasız 9 May paradı “xüsusi hərbi əməliyyatın” ən effektiv göstəricisidir
Yenixeberorg.com: Ukrayna tərəfi mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına pilotsuz uçuş aparatları ilə hücum etməyə qərar verərsə, Rusiya hərbçiləri “cavab zərbələri” endirəcəklər. Bu barədə Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik bildirib. “Cavab qaçılmaz olacaq. O, çox ciddi və dəfələrlə güclü olacaq”, – deyə deputat qeyd edib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski “həddini aşıb, özünü tərbiyəsiz aparır və artıq Aİ-ni idarə edir”, buna görə də Rusiya hakimiyyəti “bu müqəvva ilə bundan sonra nə etmək lazım olduğunu ciddi düşünməlidir”. “Düşünürəm ki, bu dəfə dronların buraxıla biləcəyi məntəqələrə preventiv zərbə mane olmazdı”, – Kolesnik əlavə edib.
Zelenski bundan əvvəl bildirib ki, Ukrayna dronları Moskvadakı Qələbə paradında görünə bilər. Onun sözlərinə görə, Rusiya artıq əvvəlki qədər güclü deyil və uzun illərdən sonra ilk dəfə parad zamanı hərbi texnikanın keçidini ləğv etməyə məcbur qalıb. Kreml isə daha əvvəl qeyd edib ki, Böyük Vətən müharibəsində qələbənin 81-ci ildönümünə həsr olunmuş tədbir “operativ vəziyyət” və Kiyev tərəfindən “terror təhlükəsi” səbəbindən “məhdud formatda” keçiriləcək. Vladimir Putin isə ABŞ prezidenti Donald Trampla söhbətində 9 may münasibətilə Ukrayna ilə atəşkəs elan etməyi təklif edib. Zelenski buna cavab olaraq bildirib ki, Kiyev Moskvada hərbi parad keçirmək üçün “bir neçə saatlıq” deyil, uzunmüddətli atəşkəs istəyir.
Bundan sonra Ukrayna Silahlı Qüvvələri (USQ) Moskvaya pilotsuz uçuş aparatları ilə hücumları yenidən aktivləşdirib. Mayın 2-dən 4-dək paytaxt və Moskva vilayəti üzərində 20-dən çox dron vurulub. Çernevo kəndində dron qalıqlarının düşməsi nəticəsində bir nəfər həlak olub, digər dron isə Moskvanın qərbində, Kremldən 6 km məsafədə yerləşən çoxmərtəbəli yaşayış binasına dəyib.
Bununla yanaşı, paytaxtın girişlərində blokpostlar qurulub, Kreml ətrafında isə pulemyotlu zirehli maşınlar və yolsuzluq avtomobilləri yerləşdirilib. Həmçinin Kremlin bütün qüllələri, divarları və binaları üzərində pulemyotlar, snayper tüfəngləri və xüsusi avadanlıqlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələrin döyüşçüləri yerləşdirilib. Qırmızı Meydana giriş bağlanıb.
Eyni zamanda, hakimiyyət orqanları mayın 5-dən 9-dək Moskvada mobil rabitənin tam məhdudlaşdırılmasına hazırlaşır. Operatorlar artıq istifadəçilərə bununla bağlı xəbərdarlıqlar göndərməyə başlayıblar.
Aydındır ki, Dövlət Dumasının deputatları bu məsələ ilə bağlı öz fikirlərini deyil, rəsmi Kremlin fikirlərini səsləndirirlər. Bəs, Ukrayna həqiqətən də Mavzoleyə və Qırmızı Meydana zərbə endirsə, Moskva bunu öz xalqına necə izah edəcək? Və ümumiyyətlə, bu, 2022-ci ildən bəri müşahidə etdiyimiz vəziyyəti dəyişə bilərmi?
Pressklub.az-ın suallarına Kiyevdə yerləşən Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda cavab verib.

“Bu suala ritorik şəkildə cavab vermək istərdim, – o bildirib. – Kimsə 2022-ci ilin fevralında təsəvvür edə bilərdi ki, Putin mayın 9-da atəşkəs istəmək üçün özünəməxsus üslubda Trampa zəng edəcək? Məncə, bu, “xüsusi hərbi əməliyyat”ın effektivliyinə verilə biləcək ən parlaq qiymətdir. Və artıq bundan daha dəqiq qiymət olmayacaq.
Bilirsiniz, çox paradoksal görünür: bir tərəfdən deyilir ki, “xüsusi əməliyyat”ın məqsədi Ukraynanın silahsızlaşdırılmasıdır, digər tərəfdən isə Rusiya özü hərbi texnikasız parad keçirir. Axı hamımız anlayırıq ki, dron hücumu nəticəsində Qırmızı Meydanda tank və ya zirehli texnika alışsa, bunun effekti necə ola bilər.
Düşünürəm ki, Ukrayna Putinə psixoloji təzyiq göstərəcək. Çünki diktator zəifliyini nümayiş etdirəndə, ona psixoloji təzyiq etmək lazımdır. Bu, normal praktikadır və burada qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, bu istiqamətdə müəyyən nəticələr əldə olunacaq. Ona görə də bir qədər gözləyək və məhz 9 mayda hadisələrin necə inkişaf edəcəyinə baxaq”, – Maqda qeyd edib.
Rauf Orucov










AZ
RU