Tehran üçün qurtuluş yolu -Deyilənlərə rəğmən, hər şeyin SEPAH-ın əlində olmadığı görünür

İran hakimiyyəti danışıqlarla bağlı ipə-sapa yatana oxşamır. Bu vəziyyəti müxtəlif şəkildə dəyərləndirirlər. Bəziləri İranı “qalib tərəf” kimi təqdim edərək, şərtləri də onun irəli sürdüyünü bildirirlər və guya bu səbəbdən də danışıqların növbəti mərhələsi alınmır.
Yenixeberorg.com: Kimi ABŞ-nin şərtlərinin Tehran hakimiyyətini razı salmadığını əsas göstərir.
Çin və Rusiyanın da bu məsələdə araqarışdırıcı rolunu ehtimal edənlər var.
Başqa bir qrup isə danışıqlara müəmmalı ali rəhbər Müctəba Xameneinin razılıq vermədiyi iddiasını irəli sürür.
Medianın məlumatına görə, İranın danışıqlarda iştirak etmiş nümayəndə heyəti əvvəllər müəyyən edilmiş “qırmızı xətti” pozduğuna görə də töhmət alıb. Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və qarşılıqlı ittihamlar fonunda mayın 2-nə planlaşdırılan yeni danışıqlar nəticədə ləğv edilib.
Mənbələr bildirir ki, Müctəba Xamenei Vaşinqtonla danışıqların davam etdirilməsinə, genişləndirilməsinə qarşıdır.
Bundan başqa, ali rəhbərin adından yayılan açıqlamaya əsasən, o, İranın birliyinə qarşı media kampaniyası barədə xəbərdarlıq edərək, bildirib: “Həmvətənlərimiz arasında yaranan qəribə birlik sayəsində düşməndə bir parçalanma yaranıb. Bu nemətə əməli minnətdarlıqla birlik daha da güclənəcək və daha möhkəm olacaq, düşmənlər isə təvazökar və daha az həssas olacaqlar.
Düşmənin xalqın zehnini və ruhunu manipulyasiya etməyə yönəlmiş media kampaniyası milli birliyi və təhlükəsizliyi pozmaq niyyətindədir. Bu pis niyyət bizim səhlənkarlığımız üzündən gerçəkləşməsin”.
Qeyd edək ki, Müctəba Xameneni müharibə zamanı ilk müraciətində birliyin vacibliyin ayrıca bənd olaraq vurğulamışdı: “Millətin fərdləri və qrupları arasında, adətən çətin anlarda xüsusilə özünü göstərən birlik pozulmamalıdır”.

Bu da ölkədə birliyin pozulmasının ən təhlükə hal olduğundan xəbər verir.
Odur ki, danışıqların baş tutmamasının, habelə tərəflər arasında sazişin imzalanmamasının başlıca səbəbi kimi bu hakimiyyətdaxili fikir ayrılığı, parçalanma göstərilir.
Bu məqamda, istər-istəməz, İran Prezidenti Məsud Pezeşkianın dediyi sözlər düşür.
2024-cü ilin sentyabrında, prezident olaraq and içəndən iki ay sonra o, belə bir bəyanat vermişdi: “Bizə işləməyə icazə vermir, oyuna buraxmırlar”.
O, bir sıra qrupların, şəxslərin böhtan və qarayaxmalar yolu ilə işlərə mane olduqlarını söyləmişdi: “Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunacaqları halda həmin qruplar kölgədə qalacaq. Güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.
Bununla o, ölkədəki müəyyən qruplaşmaların, oliqarxların qarayaxma kampaniyaları, eləcə də bürokratik əngəllər səbəbindən fəaliyyətinə maneələr olduğunu və işləməsinə imkan verilmədiyini açıq şəkildə bəyan etmişdi.
Görünür, Məsud Pezeşkian Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından aşağıdakı misranı da səbəbsiz yerə təkrarlamırmış:
...“Mən sənintək dağa saldım nəfəsi,
Sən də qaytar, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb, bağırır,
Mürüvvətsiz insanları çağırır”...
Hələ aprelin əvvəlində “Iran International” agentliyi bildirmişdi ki, İslam Respublikasında hökumət başçısı Məsud Pezeşkian ilə İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) yüksək rütbəli komandirləri arasında münaqişə mövcuddur.
Bildirilirdi ki, Prezident administrasiyasına yaxın iki mənbənin məlumatına görə, aprelin 4-də Müctəba Xameneiyə yaxın şəxslər olan Məsud Pezeşkian və Hüseyn Taib arasında qızğın müzakirə baş verib. Şahidlər bunu “çox çətin və kritik” adlandırıblar.
Həmin görüşdə Məsud Pezeşkian SEPAH-ın baş komandanı Əhməd Vəhidi və “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin hərəkətlərini "özbaşınalıq" adlandırıb. Prezident region ölkələrin infrastrukturuna hücumları gücləndirmək siyasətinin atəşkəsə nail olmaq üçün bütün imkanları məhv etdiyini və İslam Respublikasını birbaşa böyük bir fəlakətə doğru apardığını bildiribmiş.
Məsud Pezeşkian onda vurğulayıb ki, dəqiq qiymətləndirmələrə əsasən, İran iqtisadiyyatı dağıdıcı müharibənin təzyiqi altında uzun müddət davam gətirməyəcək və tam iqtisadi çöküş qaçılmazdır.
Prezidentlə SEPAH arasında qarşıdurmaya örnək olaraq, martın 25-də Əhməd Vəhidi də daxil olmaqla, SEPAH komandirlərinin birbaşa təzyiqi altında Məsud Pezeşkianın Məhəmməd Baqer Zülqədəri Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin etməsini göstəriblər.
Belə ehtimal edilir ki, ayətullah Seyid Əli Xamenei öldürüldükdən sonra əli Laricani səlahiyyət sahibi olub. Ancaq onun ölümü, Müctəba Xameneinin müəmmalı fəaliyyəti hakimiyyət daxilinda anlaşılmazlıqların yaranması ilə müşahidə olunur.
Odur ki, hazırda İranda bütün proseslərə SEPAH-ın tamamilə nəzarət etdiyi iddia olunur. Düzdür, əvvəllər də İslam Respublikasında və ondan xaricdə bu rejimlə bağlı baş vermiş bütün qarışıq hadisələrin altından bu qurumun və onun törəməsi sayılan bəsicin adı çıxırdı. Ancaq indi SEPAH özünü gizlədə bilmir. Ölkəni yeddi nəfərin idarə etdiyinə dair xəbər yayılıb:
-SEPAH-ın keçmiş komandanı, İran parlamentinin sədri, briqada generalı Məhəmməd Baqer Qalibaf;
- SEPAH-ın indiki baş komandanı, briqada generalı Əhməd Vəhidi;
-SEPAH-ın briqada generalı, daxili işlər naziri və Ali Milli Təhlükəsizlik Şurasının sədri İskəndər Mömini,
- Polis Qüvvələrinin Komandanı, SEPAH-ın briqada generalı Əhməd Rza Radan;
- Ali Milli Təhlükəsizlik Şurasının katibi, briqada generalı Məhəmməd Baqer Zülqədər;
- SEPAH Quru Qoşunları Komandanının müavini, briqada generalı Ruhulla Nuri;
- Bəsic Müstəzəfin Təşkilatının adı açıqlanmayan rəhbəri..
Bu günlərdə Məsud Pezeşkian milli birlikdən bəhs edən daha bir ismarış paylaşıb: “İranda radikal və ya mötədil yoxdur; hamımız “iranlı” və “inqilabçıyıq”.
Xalqın və hökumətin dəmir birliyi və inqilabın ali rəhbərinə tam tabe olmaqla, cinayətkar təcavüzkarı əməllərindən peşman edəcəyik.
Tək Allah, bir millət, bir lider və bir yol - bu yol əziz İranımız üçün həyatdan daha əziz olan qələbə yoludur”.
Prezident barışdırıcı, birliyin qorunması mövqeyindən çıxış etsə də, “görünən kəndə nə bələdçi” hikməti bura yerinə düşür.
Belə görünür, İran hakimiyyətinin danışıqlar, mübarizə, gələcək işlərlə bağlı konkret planı mövcud deyil. Onlar ABŞ-İsrail tandeminin hərbi əməliyyatlarına qarşılıq verməyə səy göstərdikləri bu istiqamətdə də Vaşinqtonun atacağı diplomatik addımlara münasibət bildirməklə işlərini bitmiş sayırlar.
Çünki aparıcı onlar deyil. Vəziyyət ABŞ-nin nəzarət altındadır. Hərbi əməliyyatı da o başlayır, atəşkəs də o elan edir, növbəti planları da o qurur...
Bu qarşıdurmada İran itkidən başqa heç nə əldə etməyib. Çin və Rusiya kəşfiyyatı ABŞ bazalarının koordinatını verib. ABŞ-İsrail ilə Çin-Rusiya hərbi texnologiyasının savaşı gedib. Neftin qiyməti artıb-azalır, ödəniş dollar və yuanla edilir. Hörmüz boğazının bağlandığına dair ABŞ və İslam Respublikası açıqlama yayır və s.
Bu qarşıdurmada Tehran hakimiyyəti rejimi qorumağa səy göstərir. Bu, bir zamanlar İran uğurunda Böyük Britaniya, SSRİ və Hitler Almaniyasının apardığı savaşa oxşayır. İslam Respublikasının vəziyyəti o illəri xatırladır.
HAŞİYƏ: 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək antihitler koalisiyası liderləri İosif (ona İran kommunistləri Yusif dayı deyirdi) Stalin (keçmiş SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya) Tehranda Məhəmmədrza şah Pəhləvinin iştirakı olmadan konfrans keçirmişdilər.
Deyilənlərlə yanaşı, nə qədər canfəşanlıq etsə də, İranın taleyinin, gələcəyinin SEPAH-ın əlində olmadığı qənaətinə gəlmək olar.
Məsud Pezeşkianın “Tək Allah, tək millət, tək lider və tək yol” ismarışı da o illərdə, yeni taxt-taca oturdulmuş Məhəmmədrza şahın şəninə deyilən şüarlara bənzəyir.
Qacarlar sülaləsinə xəyanət edildikdən sonra hakimiyyət gətirilən İran mərkəzli panfarsizm düşüncə sistemi bu ölkəni xilas edə bilmir. Əksinə, vəziyyəti daha da ağırlaşdırır. Bir vaxtlar Rza şah Pəhləvi də “tək millət” şüarı ilə çıxış edirdi. Nəticə indiki rejimdir.
Bir zamanlar Qacarlar sülaləsinin idarə etdiyi dövlət dünyanın sayılıb-seçilən azsaylı dövlətlərindən biri idi. 1921-ci ildən bəri bu ölkəyə hakim olan panfarsizm onu çökdürür. 90 milyonluq İran cəmiyyəti 125 illik xəyanətin acısını indi də SEPAH adlı hikkəli hərbi birləşmənin fəaliyyətindən çəkir. Halbuki bu qurum bütün əməlləri ilə İranın zəifləməsinə, sabitliyin pozulmasın, zorakılığa, iqtisadiyyatın tənəzzülə uğramasına xidmət edir.
SEPAH sanki beynəlxalq güclərin nəzarəti altında olan neft bazarının qulluğundadır. Tehran hakimiyyəti 450 kq-lıq zənginləşdirilmiş uranı çəkindiricilik amili kimi əlində saxlasa da, hadisələr onun hərbi əməliyyatlara təsir etmədiyini də isbatlayır.
Qəzza zolağı HƏMAS-dan, Suriya İŞİD və Bəşər Əsəddən, Venesuela Madurodan xilas olduğu kimi, İranın da qurtuluşu SEPAH-ın işğalından azad olmaqdan keçir…(pressklub)
Sədrəddin Soltan










AZ
RU