"Fransa Türkiyə ətrafında təhlükəli hərbi-siyasi oyun qurur" -ŞƏRH

Yaxın Şərq, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda geosiyasi gərginliyin artdığı bir vaxtda Fransanın bölgədəki aktivliyi diqqət mərkəzinə çevrilib. Parisin Ermənistan və yunan Kipri ilə hərbi əməkdaşlığı genişləndirməsi, həmçinin Cənubi Kiprdə hərbi kontingent yerləşdirmək planları yeni regional qarşıdurma riskləri barədə müzakirələri artırır.
Yenixeberorg.com: Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Fransanın son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə artan fəallığı təsadüfi deyil və Paris artıq təkcə diplomatik deyil, praktiki addımlarla da bölgədə mövqelərini gücləndirməyə çalışır.
Onun sözlərinə görə, Ermənistanla və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq sazişlərinin imzalanması, eləcə də Cənubi Kiprdə "humanitar missiya" adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı hazırlıqlar bu siyasətin tərkib hissəsidir:
"Burada əsas məqsəd Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafı bölgələri öz hərbi-siyasi təsir dairəsinə salmaq cəhdidir. Əslində Paris Türkiyə ətrafında geosiyasi çəmbəri daraltmağa çalışır. Türkiyənin son illər Cənubi Qafqazda söz sahibi olması, Avropanın enerji təhlükəsizliyində və yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynaması Makron hakimiyyətini ciddi şəkildə narahat edir".

Qulamhüseyn Əlibəyli bildirib ki, Fransa bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən isə Kiprin yunan hissəsi ilə hərbi əməkdaşlığı genişləndirərək bölgədə Türkiyəyə qarşı yeni gərginlik ocaqları formalaşdırmağa çalışır:
"Bu fonda Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirilməsi ideyası gələcəkdə Türkiyəyə qarşı mümkün təxribat planlarının ilkin mərhələsi kimi də qiymətləndirilə bilər. Lakin Paris anlamalıdır ki, Türkiyə ilə təzyiq və şantaj dili ilə danışmaq mümkün deyil".
Siyasi şərhçi vurğulayıb ki, Fransa Cənubi Kiprdə hərbi mövcudluğunu artıra bilər, amma bundan Türkiyəyə qarşı təxribat vasitəsi kimi istifadə etməyə çalışarsa, ciddi nəticələrlə üzləşəcək:
"Türkiyə NATO daxilində hərbi baxımdan ikinci ən güclü dövlətdir. Bu gün Avropanın özü təhlükəsizlik məsələlərində Ankaraya Parisdən daha çox etibar edir. Fransa bunu nəzərə almalıdır".
Qulamhüseyn Əlibəyli hesab edir ki, Ankaranın da bu proseslərə qarşı adekvat və çəkindirici addımlar atması vacibdir:
"Türkiyə cavab olaraq həm Cənubi Qafqazda, həm də Şimali Kipr Türk Cümhuriyyətində hərbi mövcudluğunu və təhlükəsizlik imkanlarını gücləndirməlidir. Bu, bölgədə balansın qorunması baxımından mühüm addım ola bilər".










AZ
RU