Memar: " Bakı aeroportunun interyer layihəsində məqsəd VIP səviyyəsində məkan yaratmaq idi"

Heydər Əliyev Beynəlxalq Aeroportunun interyer layihəsində əsas məqsəd bütün sərnişinlər üçün VIP səviyyəsində rahat və estetik məkan yaratmaq olub.
Yenixeberorg.com xəbər verir ki, bunu layihənin müəllifi olan "Otoban mimarlık" şirkətinin rəhbəri Sefer Çağlar 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit" brendinin "SinerjiPro" ilə birgə Bakıda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, layihəyə başlamazdan əvvəl əsas konsepsiya ilə bağlı xüsusi müzakirə aparılıb: "Biz əvvəlcə özümüzə sual verdik ki, burada VIP məkan haradır? Çünki daha əvvəl İstanbul Atatürk Hava Limanında CIP sərnişin salonu layihəsi həyata keçirmişdik və VIP konseptini yaxşı bilirdik. Bank rəhbərindən soruşduq ki, burada VIP zona hansı hissə olacaq? O isə cavab verdi ki, mənim xalqım VIP-dir".
Memar bildirib ki, bu yanaşma bütün hava limanının dizayn fəlsəfəsini formalaşdırıb: "Bütün hava limanını müsbət rənglər və insanlarda rahatlıq hissi yaradan elementlərlə layihələndirdik".
Onun sözlərinə görə, layihə beynəlxalq "Arup" şirkətinin hazırladığı üçbucaq formalı memarlıq planı üzərində qurulub və üçbucaq motivi dizaynın əsas çıxış nöqtəsinə çevrilib: "İnteryer həllərində Azərbaycanın simvollarından biri -nar meyvəsindən ilham alınıb. Azərbaycan üçün nar bolluq, bərəkət, sağlamlıq və həyatı ifadə edir. Layihədə bu anlayışların abstrakt formaları istifadə olunub".
Memar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu gün dünyanın ən diqqətçəkən hava limanlarından biri hesab edildiyini vurğulayıb: "Layihənin üzərindən 12 il keçməsinə baxmayaraq, o hələ də zamansız, cəsarətli və qabaqcıl layihə kimi görünür. Hava limanında təbii işıqlandırmaya xüsusi önəm verilib: Gün işığını qəbul edən məkanlarda insanlar özlərini daha rahat hiss edirlər".
Çıxış zamanı bildirilib ki, VIP zonalarda istifadə olunan taxta konstruksiyalar əl işçiliyi ilə hazırlanıb, palıd materialları xüsusi texnologiya ilə birləşdirilib: "Son illərdə aviasiya və ticarət sektorundakı dəyişikliklər nəzərə alınaraq hava limanında müəyyən yenilənmə, eləcə də modernləşdirmə işləri ilə bağlı yenidən müzakirələr aparılır: 12 il ərzində həm iaşə, həm də alış-veriş sektoru dəyişib. Buna görə də müəyyən yeniliklərə ehtiyac yaranıb. Hazırda bununla bağlı yenidən danışıqlar gedir".
O qeyd edib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu layihəsi memarlıq komandası üçün xüsusi əhəmiyyət daşıyır və ən uğurlu işlərdən biri hesab olunur.










AZ
RU