PUTİN və ZELENSKİ ARASINDA “ATƏŞKƏS OYUNU” -Moskva Kiyevin mərkəzini vurmaqla hədələyir, Kiyev isə...

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-na keçən gecədən başlayaraq atəşkəs elan edib. Bu, Zelenski tərəfindən Vladimir Putinin əvvəlcə ABŞ Prezidenti Donald Trampa telefon zəngi zamanı irəli sürdüyü, daha sonra isə Rusiya Müdafiə Nazirliyi tərəfindən rəsmən elan olunan 8-9 may tarixlərində atəşkəs bəyanatına cavabdır.
Yenixeberorg.com: Ukrayna tərəfi mayın 5-dən 6-na keçən gecədən başlayaraq qüvvəyə minən atəşkəsə Rusiya tərəfindən əməl edilməyəcəyi halda, buna dərhal cavab veriləcəyini də bəyan edib.
Məlum məsələdir ki, indiki “atəşkəs oyunu” Putinin keçirməyə hazırlaşdığı 9 may paradı ilə bağlıdır. Kreml bu tədbirin, xüsusilə də Rusiyada hakimiyyətdən artan narazılıqılar və Putinin reytinqlərinin kəskin düşməsi fonunda mümkün qədər sakit, insidentsiz keçməsində maraqlıdır. Rusiya hakimiyyəti son illərdə bəlkə də ilk dəfədir ki, özü üçün böyük siyasi, ideoloji və elektoral əhəmiyyət daşıyan bu paradı nə keçirə, nə də keçirməyə bilmir. Hətta 2007-ci ildən bu yana ilk dəfədir ki, paradda ağır hərbi texnika və raketlər nümayiş etdirilməyəcək, onun keçirilmə müddəti qısaldılacaq, xarici qonaqların sayı azaldılacaq, hətta Duma deputatları belə tribunaya buraxılmayacaq və sair. Digər yandan, bu qorxu və gərginlik mühitini Zelenskinin İrəvanda verdiyi “Ukrayna PUA-ları parada uça bilər” bəyanatı bir qədər də tündləşdirib. Artıq indidən Qırmızı Meydana giriş bağlanıb, Kreml ətrafındakı binalara pulemyotçular və snayperlər yerləşdirilib, Moskvaya girişlərdə hərbçilərdən ibarət postlar qurulub. Hətta Putin HHM qoşunlarının daxil olduğu Rusiya Aerokosmik Qüvvələrinin komandanını da istefaya göndərək, yerinə yenisini təyin etdi…
Lakin Moskvada yaxşı başa düşürlər ki, bu tədbirlərlə Ukrayna PUA-larının qarşısını almaq mümkün deyil. Ona görə də əlacı Kiyevə rəsmi ultimatum verməkdə görüblər. Belə ki, Rusiya Müdafiə Nazirliyi 8-9 may atəşkəsilə bağlı xüsusi bəyanat yayaraq, Kiyevi təhdid edib. Bəyanatda deyilir: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına uyğun olaraq, Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsinin qeyd olunması şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edilir.
Ümid edirik ki, Ukrayna tərəfi də eyni addımı atacaq.
Eyni zamanda, Kiyev rejiminin rəhbərinin İrəvanda Avropa Siyasi Birliyinin sammitində verdiyi açıqlamanı da qeyd edirik. Bu bəyanatda 9 mayda Moskvaya hücum etməklə bağlı təhdidlər yer alır…
Əgər Kiyev rejimi Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümünün qeyd olunmasını pozmaq üçün cinayətkar planlarını həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə cavab olaraq kütləvi raket zərbəsi endirəcək.
Rusiya, imkanlarına baxmayaraq, əvvəllər humanitar səbəblərdən bu cür hərəkətlərdən çəkinib.
Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri təcili olaraq tərk etmələrinin vacibliyi barədə xəbərdar edirik”.
Əslində, buna bənzər təhdidlər daha əvvəllər də Rusiya rəsmiləri, Kreml təbliğatçıları, Duma üzvləri, hətta Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev tərəfindən dəfələrlə sələndirilib. Guya “humanitar səbəblərdən” bu cür zərbələrin endirilmədiyinə gəlincə, artıq dəfələrlə buna cəhd edilib. Bu zərbələrdən Ukrayna Hökumət binası da daxil olmaqla, Kiyevin mərkəzindəki bəzi binalar zərər görüb. Xatırladaq ki, belə raket hücumları zamanı bir neçə dəfə Azərbaycanın Kiyevdəki səfirliyi də hədəfə alınıb. Lakin Kiyev, xüsusilə də onun mərkəzi daha müasir və güclü HHM sistemlərilə qorunduğundan Rusiyanın raket hücumları Kremlin istədiyi effekti verməyib. Əlbəttə, bu o demək deyil ki, Rusiya fizki olaraq Kiyevin mərkəzini vura bilməz. Vura bilər. Lakin Ukrayna rəhbərliyinin məhz bu zərbələrdən qorxaraq Moskvanın təhdidlərinə boyun əyəcəyini düşünmək də doğru olmaz…
Əvəzində, Zelenskinin komandası daha ağıllı gediş edərək, 8-9 may tarixini gözləmədən, mayın 6-na keçən gecədən atəşkəs təşəbbüsü ilə çıxış etdi və əslində, Putini olduqca yöndəmsiz bir seçim qarşısında qoydu. Əgər Moskva həqiqətən 9 mayda "sükut" istəyirsə, o zaman Kiyevin şərtləri ilə razılaşmalı və atəşi daha tez dayandırmalı olacaq. Yox, Rusiya cəbhədə hücumları və Ukrayna ərazisinə raket, PUA hücumlarını davam etdirərsə, bununla atəşkəsi pozacaq və Ukraynaya lazım olduqda cavab vermək, hətta parad günü PUA hücumu keçirmək üçün siyasi və hərbi əsaslar verəcək. Tələ də bundadır.
Kreml yalnız parad üçün gözəl, televiziya ilə yayımlana bilən “bayram sükutu” istəyirdi. Lakin Kiyev Qırmızı Meydandakı görüntü üçün deyil, cəbhə, xalq, insanlar üçün sükut, atəşkəs təklif edir. İndi sual sadədir: Putinə əsl atəşkəs, yoxsa sadəcə parad, görüntü, eləcə də öz şəxsi təhlükəsizliyi xatirinə sakitlik, təminat lazımdır? Cavab əlbəttə ki, məlumdur. Lakin bu sualın rəsmi cavabını yaxın zamanda, Kremlin bəyanatları və hərəkətlərində görəcəyik…(Azpolitika)
C.Məmmədli










AZ
RU