25 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC

Uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətinin balansında fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi iri həcmli tenderlərin əsas qaliblərindən biri kimi “Xezer-Construction” MMC çıxış edir.
Yenixeberorg.com: 2026-cı ildə də eyni tendensiyanın davam etdiyinin şahidiyik. Belə ki, bu il ayrılan təxminən 25 milyon manatlıq tenderi yenidən həmin şirkətin qazandığı və artıq təmir işlərinə start verdiyi qeyd olunur. Tenderin ümumi məbləğinin 23 milyon 478 min 460 manat təşkil edir.
Layihə çərçivəsində Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri nəzərdə tutulub. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Construction” MMC arasında müqavilə imzalandıb və işlərə start verilib. Həmçinin qeyd olunur ki, müqaviləyə əsasən 100-dən çox müxtəlif xidmət növünün həyata keçirilməsi planlaşdırılır. 00-dən çox müxtəlif xidmət növünün nə olduğu açıqlanmır və yəqin ki, bura çox kiçik həcmli işlər də əlavə edilməklə görünyü yaradılması mümkün olacaq.
Elə isə sual yaranır - hər il milyonlarla manatlıq tenderləri qazanan “Xezer-Construction” MMC kimə məxsusdur və niyə digər şirkətlər bu tenderlərdə qalib ola bilmir?
Bizimesr.com bildirir ki, “Xezer-Construction” MMC haqqında açıq mənbələrdə mövcud olan bilgilər məhduddur. Bildirilir ki, şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur və şirkət 26 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, fəaliyyət istiqaməti əsasən abadlıq işləri, səkilərin və həyətlərin yenilənməsi kimi sahələri əhatə edir. Həmçinin şirkətin daha çox “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderlərin qalibi kimi tanındığı bildirilir. Açıq mənbələrdə şirkət haqqında geniş məlumatın, o cümlədən rəsmi internet səhifəsinin mövcud olmadığı qeyd olunur. Şirkətin nizamnamə kapitalının isə cəmi 200 manat olduğu bildirilir.
Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması ənənəvi olaraq “Az.Arxitektura” MMC-yə həvalə olunur. Bildirilir ki, bu sənədlərin hazırlanmasına 1 milyon 407 min 240 manat vəsait xərclənib. Rəsmi məlumatlara əsasən, “Az.Arxitektura” MMC son 4 il ərzində 9 milyon manatdan artıq dəyərdə tender müqavilələri imzalayıb.
Həmçinin qeyd edilir ki, şirkət son olaraq 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazini əhatə edən yeni istirahət parkının layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilən tender müsabiqəsinin qalibi elan olunub və bu layihə üzrə 2 milyon 387 min 833 manat 84 qəpik vəsait ayrılıb.
“Az.Arxitektura” MMC-nin qanuni təmsilçisinin Şükürlü Yunis Sahib oğlu olduğu bildirilir. Gənc yaşına baxmayaraq Yunis Şükürlünün mühəndis-dizayner kimi tanındığı qeyd olunur. Bildirilir ki, o, bundan əvvəl Göyçay rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri, daha sonra isə Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Yunis Şükürlü “Global Engineering Management Company” MMC-nin də rəhbəridir. O, bu şirkəti 2022-ci ildə, yəni 19 yaşında təsis edib. Şirkətin əsasən dövlət qurumları üçün layihə-smeta sənədlərinin hazırlanması sahəsində fəaliyyət göstərdiyi və son 5 ildə 40-dan çox tenderin qalibi olduğu qeyd olunur. Eyni zamanda bildirilir ki, şirkət ötən il etibarsız təchizatçı reyestrində də yer alıb.
Əsas müzakirə doğuran məqam isə ayrılan vəsaitlərin həcmi ilə görülən işlərin mahiyyəti arasındakı fərqlə bağlıdır. İddia olunur ki, aparılan təmir işləri əsaslı xarakter daşımır. Belə ki, binaların konstruktiv problemlərinin aradan qaldırılması əvəzinə əsasən fasadların rənglənməsi, həyət ərazilərində qismən abadlıq işlərinin aparılması və dağılmış hissələrin örtüklərinin dəyişdirilməsi həyata keçirilir. Bu isə ümumi olaraq kosmetik təmir görüntüsü yaradır.
Bundan əlavə, qeyd edilir ki, təmir işləri daha çox yol kənarında yerləşən və görünən binaları əhatə edir. Məsələn, Xəzər rayonu, Buzovna qəsəbəsində aparılan işlərlə bağlı iddialara görə, eyni binaların hər il təkrar-təkrar təmir edildiyi müşahidə olunur. Bildirilir ki, bu binalar əsasən yol kənarından görünən tikililərdir və onların fasadları mütəmadi olaraq rənglənir. Arxa tərəfdə yerləşən binaların isə baxımsız vəziyyətdə qaldığı iddia olunur.
Bu vəziyyətin sakinlər arasında narazılıq yaratdığı bildirilir. Sosial şəbəkələrdə çoxsaylı Buzovna sakinlərinin gördükləri işlərin əsaslı təmir deyil, yalnız görüntü xarakteri daşıdığını qeyd etdikləri vurğulanır. Onların sözlərinə görə, yalnız yol kənarındakı binalar təmir edilir, digər binalar isə diqqətdən kənarda qalır. Həmçinin qeyd olunur ki, oxşar vəziyyət Bakı şəhərinin digər qəsəbə və rayonlarında da müşahidə edilir.
Beləliklə, qeyd olunan faktlar fonunda milyonlarla manat vəsait ayrılan təmir layihələrinin icrası, keyfiyyəti və real təsiri ilə bağlı sualların açıq qaldığı bildirilir.
Bizimesr.com










AZ
RU