Yaxın Şərqdə gərginlik yüksəlir:ABŞ–İran münasibətlərində SON DURUM
İran–ABŞ nümayəndələrinin nüvə proqramı ilə bağlı görüşündə razılığın əldə olunmaması və bundan sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfər edərək Donald Trampla görüşü regionda müzakirələri yenidən aktuallaşdırıb.
Yenixeber.org-a açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran hakimiyyəti artıq proksi qüvvələri əvvəlki kimi saxlamaq gücündə deyil. Onun sözlərinə görə, istər Livanda Hizbullah, istər Yəməndə husilər İran tərəfindən ənənəvi şəkildə dəstəklənmək imkanında deyillər. Ekspert qeyd edib ki, bu yaxınlarda İraqdakı “Haşdi Şəbi” siyasi qruplaşması da ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Tehranı müdafiə etməyəcəklərini bəyan edib.
Sədrəddin Soltanın fikrincə, bu, İranın proksi qüvvələrdən uzaqlaşmağa çalışdığını göstərir. O bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bütün istiqamətlərdə fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışsa da, İran hakimiyyətinin həmin qüvvələri əldə saxlamaq üçün artıq kifayət qədər iqtisadi və maliyyə gücü yoxdur.
Ekspert hesab edir ki, Tehran danışıqlar prosesində proksi qüvvələri müəyyən mənada “qurban verə” bilər. O xatırladıb ki, bir müddət əvvəl İranın Livandakı Hizbullahı əvvəlki kimi dəstəkləmədiyi açıqlanmışdı. Sədrəddin Soltanın sözlərinə görə, Tehran üçün əsas məsələ proksi qüvvələrin saxlanılması deyil, ABŞ ilə masa üzərində olan nüvə məsələlərinə dair razılıq əldə etmək və tətbiq olunan sanksiyaların aradan qaldırılmasına nail olmaqdır.
Ballistik raketlər məsələsinə gəlincə, ekspert bildirib ki, bu mövzu da Tehran tərəfindən danışıqlarda razılaşdırıla biləcək məsələlər siyahısında ola bilər. Əks halda, İrana qarşı genişmiqyaslı hərbi aksiya başlaya bilər. Onun sözlərinə görə, belə bir aksiyanın başlanması Tehran hakimiyyəti üçün ciddi nəticələr doğura və regionda yeni müharibəyə səbəb ola bilər. Bu baxımdan, tərəflərin müzakirə etdikləri məsələlər üzrə anlaşması həm Vaşinqton, həm də Tehran üçün vacibdir.
Sədrəddin Soltan vurğulayıb ki, İranla məsələlərin həllində iki yol var: ya müharibə, ya da danışıqlar. O qeyd edib ki, ABŞ İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan edib və bunu Avropa ölkələri də daxil olmaqla bir sıra dövlətlər təsdiqləyib. Bu isə Vaşinqtona terrorla mübarizə adı altında əməliyyat keçirmək üçün hüquqi əsaslar yaradır. Lakin ekspertin fikrincə, hazırkı şəraitdə İrana qarşı hərbi addımın atılması aktuallaşmır və tərəflər daha çox danışıqlara meyillidirlər.
Ekspert yaxın zamanda növbəti görüşün keçiriləcəyini də istisna etməyib. O bildirib ki, İran prezidenti Pezeşkian keçirilmiş görüşləri irəliyə doğru addım kimi qiymətləndirir və danışıqları müsbət qarşılayır. ABŞ prezidenti də görüşlərin davam etdirilməsində israrlı olduğunu bəyan edib. Bu isə tərəflərin masa üzərində olan problemləri danışıqlar yolu ilə həll etmək niyyətində olduqlarını göstərir.(Referans Media)










AZ
RU