“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət sifarişi” ilə “yeyilib” -FOTOLAR
MƏMUR VİLLALARI, KOMMERSİYA OBYEKTLƏRİ ucaldıblar
DÖVLƏT SƏVİYYƏSİNDƏ DÖVLƏT SİFARİŞİ İLƏ TİKİLƏN EVİ DÖVLƏT MƏMURLARI İŞĞAL ETDİ! Və bu işğal hələ də sürür!
Bu iddia jurnalist Məğrur Bədəlsoyun "Yenixeberorg.com"-a ünvanladığı yazıda yer alır:
Bakının-ölkənin baş şəhərinin baş probleminin kanalizasiya, infrastruktur ilə bağlı olduğunu son günlərin su-çirkab basmaları bir daha ortaya qoydu. Günahın “keçisi” də tapılıb: qanunsuz tikililər, gecəqondular! Bəs qanunsuzluğa, gecə qonan, gündüz ucalan göydələnlərə, şadlıq saraylarına, villalara , kommersiya obyektlərinə “yaşıl işıq” yandıran, yiyələnən kimlərdir? Təbii ki, sual ritorikdir, dövlət hakimiyyəti orqanlarının razılığı olmasa, “gecə yuxu da görmək, gündüz xəyala qapılmaq” da , ən azı, cərimə ilə sonuclanır. Bəs qanunla tikilən binalar niyə infrastrukturla təmin olunmur?
Ortalıq 20 ilin söhbətidir, Bakının Nərimanov rayonunda dövlət sifarişi ilə əlil və şəhid ailələrinə tikilən evin başına elə oyunlar gətirilib ki, hələ də , eldə deyildiyi kimi, adı əlillərin, qazilərin, dadı məmur oliqarxlarındır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə öncə metronun Nərimanov stansiyasının yaxınlığında ayrılan yeri sifarişçi hansı oliqarx məmura satdısa, sonda “Əlillər evi” sosial infrastrukturdan uzaq Əhməd Rəcəbli, 1967-ci məhəllə ünvanına dəyişdirildi. Burada da əlil və şəhid ailələrinin bəxti gətirmədi. Dövlətin ayırdığı 36 sotluq kompleksdən savaş adamlarına 0,6 sotluq 36 mənzilli, 3 bloklu, dördqatlı heç bir standarta cavab verməyən “ƏLİLLƏR EVİ” qaldı. Bu doğrudan da “əlil” olan ev də 5 ilə tikildi. (?) Niyə belə gec? Niyəsini sifarişçi dövlət orqanı yaxşı bilir, savaş əlilləri, şəhid ailələri kimdir ki, dövlətin qayğısından bəhrələnsin?! Elə ƏƏSMN, Nərimanov RİH məmur-oliqarxlarına nə gəlib, 36 sotluq ərazini ələ keçirib, 4 villa həyəti ilə birgə, 4 kommersiya obyekti tikintisinin sonlanmağına qədər bir balaca “əlil” evin tikintisini yubatdılar. DÖVLƏT SƏVİYYƏSİNDƏ DÖVLƏT SİFARİŞİ İLƏ TİKİLƏN EVİ DÖVLƏT MƏMURLARI İŞĞAL ETDİ! Və bu işğal hələ də sürür! “Əlil” evin olmayan həyətini də özlərinə maşın dayanacağı edən məmur kommersantlar sosial infrastrukturu da tam dağıdıblar.
“Əlillər evi” nin tikinti normalarına, şəhərsalma qaydalarına qarşı tikilməsinə baxın, evin PANDUSU YOXDUR! Pandusun nə demək olduğunu sifarişçi ƏƏSMN, binanı istismara qəbul edən FHN , RİH , tikinti məmurları bilməmiş olmaz. Bu elə vacib elementdir ki, onsuz binanın istismarı mümkün deyil. El dilində “əlil arabası yolu” adlanan pandusun məqsədi inklüziv (bərabər) mühit yaratmaq, əlil arabası istifadəçilərinin sərbəst, müstəqil şəkildə binalara daxil olmasını, pilləkənlərlə hərəkətini təmin etməkdir. Göz önünə gətirin, əlillər üçün tikilən evin əlil arabası yolu-pandüsü “yeyilib”! Amma “yeyilən” təkcə bu yol deyil, binaya girən yolu da, dörd yanını da, uşaq-idman meydanını, yaşıllığını, KANALİZASİYASINI da “yeyiblər”, üstündən də qazlı su içiblər. Bina dörd bir yandan məmur villaları, kommersiya obyektləri ilə hasarlanıb, fövqəladə hallarda təcili yardım maşınları da girə bilmir. Mənzillərə gəldikdə, iç divarın hündürlüyü , ən azı, 2,70 metr olmalı olduğu halda, “Əlillər evi”ndə 2,40 (?) metrdir. Qazla təchizat partlayış təhlükəsi yaratdığından yoxdur, rabitə öz hesabınadır, işıq şişirtmə borclar adı ilə verilmir və s.
Əlil və şəhid ailələri təkcə infrastrukturdan deyil, dövlət qayğısından, millət vəkillərinin, ombudsmanın, ... diqqətindən də məhrumdurlar. Nə sakinlər vəkillərini tanıyır, nə vəkillər “Əlillər evi”ni. Evin 2009-cu ildə açılışı da “dövlət məmurlarının təhlükəsizliyi” baxımından gizlin , dövlət başçısı xarici səfərdə olanda olub. Axı heç bir dövlət (başçısı) qazi, şəhid ailələrinə ayırdığı 36 sotluq kompleksin yerində 0,6 sotluq , sözün gerçək anlamında “ƏLİL EV” görməyə dözməz!
Sifarişçi ƏƏSMN isə hələ də şantajla məşğuldur, qanunla qorunan mənzil hüququnu, layiqli həyat səviyyəsini, məhkəmə qərarının icrasını tələb edən Qarabağ qazilərinin 2009-cu ildə mənzillə təmin olunduqları dövlətin birinci şəxslərinə, millət vəkillərinə, hüquq orqanlarına bildirilir. Gəl pandusu, kanalizasiyası, suyu, qazı, həyəti, bir dənə yaşıllığı, ağacı belə olmayan, dörd yandan məmur villaları, obyektləri ilə hasarlanan, əlin tavana çatdığı, ikiotqalı daxmada yaşa, görüm necə yaşayırsan, ay sosial xidmət məmuru!
Redaksiya qarşı tərəfin cavab haqqını tanıyır.








AZ
RU