Asif Nərimanlı: “Yekun sülh əldə edilmədiyi müddətdə prosesi tormozlamaq cəhdləri bu və ya digər formada davam edəcək”
Yenixeberorg.com: Azərbaycanla Ermənistan arasında əldə olunan de-fakto sülhün inkişafı istiqamətində müsbət addımlar atılmaqdadır. Məsələn, artıq bir neçə aydır ki, Azərbaycandan tranzit keçməklə Ermənistana yüklər daşınır. Eyni zamanda, hər iki tərəfin vətəndaş cəmiyyətinin nümayəndələri mütəmadi görüşlər keçirir, xalqlar arasında sülhün əldə olunması istiqamətində müzakirələr aparırlar. Rəsmi səviyyələrdə verilən bəyanatlar da uzun illər mövcud olmuş münaqişənin tam aradan qalxmasına və yekun sülh sazişinin imzalanmasına yönəlib.
Bir neçə gün əvvəl isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. XİN-dən bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Bayramov və Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər. Bu isə tərəflərin diplomatik münasibətləri bərpa etməsi yolunda addımlar sayıla bilər.
Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb:

- Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı telefon danışığı və müzakirələr iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına doğru ilkin addım sayıla bilərmi?
- Bayramovla Mirzoyanın telefon söhbəti diplomatik münasibətlərin qurulmasından daha çox, təmasların davam etdirilməsi baxımından önəmlidir. Diplomatik münasibətlər yekun sülh sazişinin imzalanmasından sonra həyata keçiriləcək. Hazırda isə gələcək münasibətlərin təməlinin atılması, xüsusilə təmasların davam etdirilməsi ilə prosesin irəliyə aparılması əhəmiyyətlidir. Ən önəmli məqam isə bu təmasların regionda baş verənlər fonunda olmasıdır ki, bu da tərəflərin sülh gündəliyindən yayınmadığını nümayiş etdirir. Çünki Bakı-İrəvan xəttində sülh gündəliyinin pozulmasında maraqlı qüvvələr hələ də qalır və yekun sülh əldə edilmədiyi müddətdə prosesi tormozlamaq cəhdləri bu və ya digər formada davam edəcək. Bu baxımdan, ikitərəfli təmasların davam etdirilməsi həm sülh gündəliyi, həm də regionda baş verənlərin yaratdığı risklərin birbaşa müzakirə edilməsi vacibdir.
- Bu cür müzakirələr, eyni zamanda, Azərbaycan ərazisindən tranzitlə Ermənistana yüklərin daşınması prosesinin tez-tez təkrarlanması sülhə hansı töhfəni verir?
- Belə təmaslar və iki ölkə arasında qurulan iqtisadi münasibətlər, eləcə də Azərbaycanın Ermənistan üçün tranzit rolunun genişlənməsi bir neçə kontekstdə qiymətləndirilə bilər.
Birincisi, sülh razılaşmasının praktiki müstəvidə həyata keçirilməsidir. 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərlə bağlı razılaşmalar olsa da, bunlar adətən kağız üzərində qalırdı və praktikada reallaşdırılmırdı, yaxud buna nail olunmurdu. Lakin ötən il Vaşinqtonda sülh sazişi layihəsinin paraflanmasından sonra tərəflər praktiki müstəvidə addımlar atırlar. Bura cəmiyyətlər arasında etimad mühitinin qurulması, həm siyasi, həm iqtisadi müstəvidə təmasların yaranması, həmçinin, ticarət münasibətlərinin formalaşması kimi addımlar daxildir. Praktiki addımlar sülh gündəliyinin reallıqla adekvat olduğunu isbatlayır və bu, prosesin yekun sülh sazişinin imzalanmasına doğru inkişafını təmin edir.
İkincisi, regional kommunikasiyaların açılmasıdır. Tərəflər Vaşinqton anlaşması ilə bu məsələni nəzəri olaraq həll edib, xüsusilə TRİPP layihəsi (Zəngəzur dəhlizi) burada ən vacib komponentdir. Çünki bununla kommunikasiyanın bərpası önündə əsas əngəl aradan qalxıb. İndi əsas mərhələdə razılaşmanın praktiki müstəvidə icra edilməsidir. Buna qədər Azərbaycan Ermənistana daşınan yüklərdə tranzit rolunu oynamaqla regional kommunikasiyanın açılmasından hər kəsin qazanacağını nümayiş etdirir. Eyni zamanda, rəsmi İrəvanı əldə edəcəyi dividentlər fonunda Zəngəzur dəhlizinin açılmasına daha çox sövq edir.
Üçüncüsü, burada Ermənistan ictimaiyyətinə ötürülən impulslar önəmlidir. Hər şeydən öncə ticarət münasibətləri, tranzit məsələsi və birbaşa diplomatik təmaslar cəmiyyətlər arasında etimad mühitini də gücləndirir, düşmənçiliyin arxa fona keçməsinə dəstək verir. Bununla yanaşı, Ermənistan cəmiyyəti Azərbaycanla sülhün müsbət təsirlərini öz gündəlik həyatında hiss edir. Misal üçün, yanacağın ixracından sonra Ermənistanda keyfiyyətli və bazara uyğun qiymətlə benzinin satılması erməni cəmiyyətində müsbət reaksiyalar doğurur. Bütün bunlar revanşizmin önünün kəsilməsi və sülh prosesinə yarana biləcək maneələrin dəf edilməsində xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, bu nəticələr Ermənistanda revanşizmlə sülh perspektivlərinin yarışacağı seçki prosesinə də təsirsiz ötüşməyəcək və erməni elektoratını sülhdən yana seçimə sövq edəcək.
- Bu il ərzində sülh sazişinin imzalanması perspektivi nə qədərdir?
- Yekun sülh sazişinin imzalanmasının önündə yeganə amil Ermənistan Konstitusiyasının dəyişdirilməsidir ki, artıq bu məsələ ideoloji və siyasi təsirini itirərək, texniki məsələyə çevrilib. Çünki Baş nazir Nikol Paşinyan hakimiyyəti yeni konstitusiyanın mətnini hazırlayır və gələcək proqramlarını da bunun üzərində qururlar. Bu o deməkdir ki, seçkidə hazırki hakimiyyət seçiləcəyi təqdirdə, yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirəcək. Bu referendumda yeni konstitusiyanın qəbul olunacağı ehtimalı güclüdür. Çünki seçkidə Paşinyan komandasının qələbəsi erməni cəmiyyətinin sülhü seçməsi deməkdir və belə bir seçim referendumun da nəticələrini təmin etmiş olacaq. Bu kontekstdə yekun sülh sazişinin ilin sonunda imzalanması gözləntisi böyükdür.
- İyundakı seçkilərdə Paşinyan hakimiyyəti məğlub olarsa, sülh sazişinin imzalanması təxirə düşə bilərmi?
- Paşinyan hakimiyyətinin məğlub olması sülh prosesini təhlükə altına ata bilər. Bu o demək deyil ki, Ermənistanın yeni hakimiyyəti - böyük ehtimalla, onlar revanşistlər olacaq - Azərbaycana qarşı iddialarını praktiki müstəvidə icra edə bilərlər. Lakin iki amil prosesin risk altına düşəcəyini deməyə əsas verir.









AZ
RU