Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qərbin “cəngəllik qanunları”na sarsıdıcı zərbə:Çin və Türkiyə Yaxın Şərqdə “qorxunc ssenari”ni pozur

Çinin Yaxın Şərqdə cərəyan edən hərbi münaqişəyə müdaxilə etmək cəhdləri qlobal güclərin bu regiondakı silahlı toqquşmaların nəzarətdən çıxma təhlükəsindən ciddi şəkildə narahat olduqlarını sezdirir... Bu regiondakı yeni geopolitik reallıqlar həm də onu göstərir ki, yalnız qlobal güclər deyil, Türkiyənin geopolitik və geostrateji rolunun artması da Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasında həlledici faktora çevrilə bilər...

Yenixeber.org: Yaxın Şərqdə davam edən hərbi toqquşmalar, artıq son vaxtlara qədər təmkinli və neytral mövqe tutmağa üstünlük verən Çini də ciddi şəkildə narahat etməyə başlayıb. Belə ki, Çinin Xarici İşlər Nazirliyi bu regionda döyüş əməliyyatlarının dərhal dayandırılmasına və münaqişə tərəflərini atəşkəsə çağırıb. Və rəsmi Pekin hesab edir ki, Yaxın Şərqdə silahlı münaqişənin genişlənməsi yalnız bu region deyil, həm də ümumiyyətlə, qlobal təhlükəsizlik sistemi üçün ciddi risklər yaratmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Çinin Xarici İşlər Nazirliyinin mövqeyinə görə, beynəlxalq münasibətlər “gücün qlobal hüququ müəyyən etdiyi cəngəllik qanunları”na bağlı modelə qayıtmamalıdır. Rəsmi Pekin vurğulayıb ki, dünya dövlətlərinin daxili işlərinə müdaxilə, xüsusilə də, kənardan “rəngli inqilablar” vasitəsilə hakimiyyət dəyişikliklərinin təşviqi qlobal sabitliyi sarsıdır. Çin diplomatiya idarəsi hesab edir ki, mövcud regional hərbi böhranların həlli yalnız bərabərhüquqlu dialoq və siyasi-diplomatik danışıqlar yolu ilə mümkün ola bilər.

cc7422d18-b8f6-4260-96d2-49471b9d130b.jpg (128 KB)

Təbii ki, Çinin belə bir bəyanat verməsi yalnız siyasi-diplomatik çağırış deyil, bu, həm də qlobal geopolitik proseslərə yönəlik xəbərdarlıq mesajı xarakteri daşıyır. Çünki son illərdə rəsmi Pekin beynəlxalq münasibətlər sistemində hərbi güc balansı üzərində qurulan siyasətin əleyhinə çıxış edir və daha çox şaxələndirilmiş diplomatiyanın tərəfdarı kimi mövqe tutur. Bu baxından, Çin bir tərəfdən, Yaxın Şərqdə silahlı münaqişənin regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışır. Digər tərəfdən isə rəsmi Pekin özünü qlobal sabitliyin qorunmasında alternativ vasitəçi güc kimi təqdim etməyə cəhd göstərir.

Məsələ ondadır ki, hazırda rəsmi Pekin Çinin avanqard mövqedə olacağı yeni təhlükəsizlik modelini qlobal məkanda ön plana çıxartmaq niyyətinə düşmüş kimi görünür. Rəsmi Pekinin irəli sürdüyü qlobal sabitlik təşəbbüsü Çin diplomatiyasının son illərdə formalaşdırdığı yeni təhlükəsizlik yanaşmasının əsas tərkib hissəsi hesab olunur. Həmin modelə görə, dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və hərbi münaqişələrin siyasi dialoq yolu ilə həlli əsas prioritet kimi qəbul edilməlidir.

Maraqlıdır ki, rəsmi Pekinin bu strategiyası artıq müəyyən nəticələr də verib. Belə ki, 2023-cü ildə məhz Çinin vasitəçiliyi ilə baş tutan Səudiyyə Ərəbistanı və İran arasında siyasi-diplomatik anlaşma Yaxın Şərqdə geopolitik balansın dəyişməsində həlledici rol oynamışdı. Nəticədə bu proses rəsmi Pekinin Yaxın Şərq regionundakı siyasi nüfuzunu ciddi şəkildə artırmış oldu.

555b143ee-3161-47be-ab58-b9a440c50348.jpg (179 KB)

Əslində, Çinin Yaxın Şərqdə sabitliyə xüsusi önəm verməsinin əsas səbəblərindən biri də enerji təhlükəsizliyi ilə bağlı maraqlardır. Belə ki, Çin iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan neft və təbii qazın böyük bir hissəsi məhz bu regiondan idxal olunur. Ona görə də, indi Yaxın Şərqə hərbi münaqişənin genişlənməsi rəsmi Pekinin enerji təminatına və qlobal ticarət marşrutlarına ciddi şəkildə neqativ təsir göstərə bilər. Və eyni zamanda,bu regiondakı hərbi eskalasiya böyük güclər arasında daha genişmiqyaslı geopolitik qarşıdurma riskini də təhlükəli həddə qədər artırır.

Təbii ki, Çinin də müdaxilə etməyə çalışdığı və Yaxın Şərqdə formalaşan yeni geopolitik balansda diqqət çəkən əsas regional aktorlardan biri də Türkiyə hesab olunur. Çünki son illərdə rəsmi Ankara bu regionda həm hərbi, həm siyasi-diplomatik, həm də geopolitik və geoiqtisadi imkanlarını genişləndirərək, daha fəal siyasi oyunçuya çevrilib. Və prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi altında Türkiyə bir neçə paralel strategiyanın reallaşdırılmasına çalışır.

Təbii ki, rəsmi Ankaranın reallığa çevirməyə cəhd göstərdiyi birinci istiqamət birmənalı şəkildə təhlükəsizlik strategiyasıdır. Belə ki, Türkiyə Suriyada, İraqda və Şərqi Aralıq dənizi hövzəsində hərbi mövcudluğunu artıraraq, regional təhlükəsizlik balansına birbaşa təsir göstərən əsas aktora çevrilib. Və bu siyasi strategiya rəsmi Ankaraya həm sərhəd təhlükəsizliyini təmin etmək, həm də regional proseslərdə real iradə sahibi olmaq imkanları açır.

Rəsmi Ankara ikinci strateji istiqamət üzrə Türkiyənin regional siyasi-diplomatik vasitəçilik rolunu ön plana çəkməyə cəhd göstərir. Belə ki, Türkiyə son illərdə müxtəlif regional böhranlarda öz vasitəçilik rolunu gücləndirməyə nail olub. Və rəsmi Ankara həm regional dövlətlərlə, həm də Qərb və Şərq blokları ilə paralel münasibətlər quraraq, çoxvektorlu diplomatiya üzərindən kifayət qədər ciddi geopolitik uğurlar qazana bilib.

1d417062-6054-43eb-afe7-30374612da36.jpg (154 KB)

Nəhayət, rəsmi Ankaranın inkişaf etdirməyə çalışdığı daha bir strateji istiqamət məhz enerji və tranzit siyasətinin gücləndirilməsi ilə birbaşa bağlıdır. Belə ki, Türkiyə Yaxın Şərq, Cənubi Qafqaz və Avropa arasında mühüm enerji və nəqliyyat-kommunikasiya qovşağına çevrilmək strategiyasını israrla davam etdirir. Və bu isə rəsmi Ankaranın həmin regionlarda geoiqtisadi balansın formalaşmasında daha da rolunu artırır.

Göründüyü kimi, dünyanın bəzi regionlarında böyük güclər arasında yeni geopolitik balansın formalaşmaqda olduğu müşahidə edilir. Xüsusilə də, Yaxın Şərqdə cərəyan edən proseslər onu göstərir ki, bu region tədricən çoxqütblü geopolitik rəqabət məkanına çevrilməyə başlayıb. Çünki bu regionda ənənəvi Qərb təsirlərinə paralel olaraq, yeni qlobal gücə çevrilmək iddiasında olan bəzi dövlətlər də artıq daha aktiv rol oynamağa cəhd göstərirlər. Və bu kontekstdə ABŞ, Çin və Rusiya kimi qlobal aktorların maraqları ilə yanaşı, regional güclərin, xüsusilə də, Türkiyənin geopolitik təsir imkanları getdikcə artmağa başlayıb.

Belə anlaşılır ki, Yaxın Şərqdə davam edən hərbi gərginlik həm də qlobal təhlükəsizlik sisteminin davamlılıq səviyyəsini ciddi şəkildə sınağa çəkməkdədir. Hər halda, Çinin hərbi münaqişə tərəflərinə atəşkəs çağırışı, qlobal güclərin Yaxın Şərqdə silahlı toqquşmaların nəzarətdən çıxma təhlükəsindən ciddi şəkildə narahat olduqlarını göstərir. Eyni zamanda, bu regionda formalaşan yeni geopolitik reallıq həm də onu göstərir ki, yalnız qlobal güclər deyil, hətta regional aktorlar da indiki proseslərin istiqamətini müəyyən edən əsas faktorların sırasına daxil olur. Bu baxımdan, Türkiyənin geopolitik və geostrateji rolunun artması da Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasında həlledici faktora çevrilə bilər.(musavat)

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam