Analitik: “SEPAH-ın sərt qanadının idarəçiliyi ələ alması və müharibəni davam etdirməsi gözləntisi böyükdür”
Yenixeber.org: Bu gecə saatlarında İranın Ali Rəhbəri Seyid Əli Xameneinin sui-qəsd nəticəsində öldürüldüyü iddia edildi. “Reuters” agentliyi İsrailin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verdi ki, Xameneyinin cəsədi tapılıb. İsrail media orqanları da oxşar məlumatlar yaydı. Xüsusilə İsrailin “12-ci Kanal”ı bu barədə məlumat yaymışdı.
Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu Ayətullah Xameneyinin öldüyünü iddia etdi. Siyasətçi Xameneyinin iqamətgahının dağıdıldığını və İranın Ali Rəhbərinin ölümünün "bir çox əlaməti" olduğunu bildirdi.
Həmçinin Netanyahuya İranın Ali Rəhbərinin cəsədinin videosunun ona göstərildiyi bildirdi.
Daha sonra "The New York Times" (NYT) qəzeti Xameneyinin qapalı ərazisinin dağıdılmasının peyk görüntülərini dərc etmişdi.
Bu gün səhər saatlarında isə İranın “Fars” agentliyi məlumat yaydı ki, Ali Rəhbər ABŞ-İsrail əməliyyatı zamanı öldürülüb. Ayətullahın ölümü ilə əlaqədar qırx günlük milli matəm və yeddi günlük milli tətil elan edilib.
Məlumata görə, Xameneyi öz iqamətgahında sui-qəsd nəticəsində öldürülüb. O sui-qəsd zamanı iqamətgahındakı ofisində olub. Məlum olub ki, Xameneyi 28 fevral səhər tezdən vəfat edib.
İran Prezident Adminstrasiyası Xameneyinin ölümünün cavabsız qoyulmayacağını bəyan edib: “Bu ağır cinayət heç vaxt cavabsız qalmayacaq. Biz tam güc və qətiyyətlə, İslam ümmətinin və dünyanın azad insanlarının dəstəyinə arxalanaraq, bu ağır cinayətin günahkarlarını və təşkilatçılarını tövbə etməyə məcbur edəcəyik", - deyə bəyan edilib.

Ali Rəhbərin ölümünün qisası olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin "tarixin ən güclü hücum əməliyyatı"na başladığını elan edib.
Fevralın 28-i axşamı Livanın "Əl-Mayadeen" televiziya kanalı Tehrandakı mənbəyə istinadən bildirmişdi ki, Xameneyi qərargahdadır və hərbi əməliyyatlara rəhbərlik edir.
İddia edilmişdi ki, 2025-ci ilin yayında 12 günlük müharibə zamanı olduğu kimi, Ayətullah "böhran qərargahındadır və hərbi əməliyyatlara şəxsən rəhbərlik etdir". İranın aparıcı xəbər agentliyi olan “Tasnim” də Xameneyinin ofisinə yaxın mənbəyə istinadən onun sağ olduğunu bildirmişdi.
Bu gün İsrail Xameneyinin ölümünün təfərrüatlarını açıqlayıb. İsrailin müdafiə naziri İsrael Katz sosial mediada İranın Ali Rəhbərinin "Aslanın nəriltisi" əməliyyatının birinci mərhələsində öldürüldüyünü yazıb. O “ədalətin bərpa olunduğunu” və “şərə ölümcül zərbə” endirildiyini qeyd edərək yazırıb: "Zalım Xameneyi, İran terrorist qalasındakı digər yüksək vəzifəli şəxslərlə birlikdə "Aslanın nəriltisi" əməliyyatının ilk zərbəsində məhv edildi".
Katz həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunu və ölkə ordusunu təbrik edib.
Xameneyinin ölümündən sonra İranda keçid mərhələsinə kimin rəhbərlik edəcəyi sualı gündəmdədir. Ali Rəhbərin ölümündən sonrakı keçid mərhələsinə İran prezidenti Məsud Pezeşkian, Məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Muhsini İcai və Konstitusiyanın Müdafiəsi Şurasının hüquqşünaslarından biri rəhbərlik edəcəklər. “Əl-Cəzira” xəbər verir ki, bu barədə açıqlamanı Ali Rəhbərin köməkçilərindən biri verib.
Məlumata görə, ölkənin idarə olunması üçün müvəqqəti şura yaradılıb. Bu mexanizm İran İslam Respublikasının qanunvericiliyində nəzərdə tutulub və Ali Rəhbərlikdə boşluq yarandığı halda qüvvəyə minir. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani şuranın iclasının Ali Rəhbərin seçilməsi üçün keçiriləcəyini bildirib.

İranda bundan sonra nələrin baş verəcəyi maraq doğurur. Analitik Asif Nərimanlı hesab edir ki, Xameneyinin ölümü belə İrandakı molla rejiminin bitməsi deyil: “Əksinə, SEPAH-ın sərt qanadının idarəçiliyi ələ alması və müharibəni davam etdirməsi gözləntisi böyükdür. Mümkün ssenarilərdən biri müharibənin gedişində rejimin danışıqlar masasına gəlməsi və şərtləri qəbul etməsidir ki, Tramp Administrasiyası qısa müddətdə nəticənin - uğurun əldə edilməsi naminə buna razı olsa belə, İsrail buna qarşı çıxacaq. Çünki mövcud sistemin qalması regional problemlərin davam etməsi deməkdir”.
“İran rejiminin dəyişməsi bir neçə halda mümkün görünür. Birincisi, xalqın silahlı üsyanıdır; Trampın da, Netanyahunun da çağırışları göstərir ki, Təl-Əviv və Vaşinqtonda buna ümid edirlər. Hava zərbələri ilə hərbi-siyasi kontingentin gücü sıradan çıxarılır və xalq hərəkətə keçərək, hakimiyyəti nəzarətə götürür. Lakin iki məqam bu ssenaridə şübhələrə yol açır. Xalq hərəkatında liderin olmaması və silahlı SEPAH və Bəsicə qarşı dirənişin çətinliyi. İstisna deyil ki, xalq üsyanının silahlı şəkildə baş verməsi planlaşdırılır, yanvar etirazlarında etirazçıların kütləvi qətli də “əliyalın mübarizə”nin effektini azaldıb. Silahlı üsyan isə İranda daxili toqquşmalar riskini aktuallaşdırır”, - deyə Nərimanlı vurğulayıb.
“İkincisi, ordunun və təhlükəsizlik qüvvələrinin xalqın tərəfinə keçməsidir; bununla bağlı müəyyən çağırışlar var və planlar arasında belə bir ssenarinin olduğu da istisna edilməməlidir. Hərçənd, İranın əsas hərbi gücü SEPAH-dır və digər təhlükəsizlik qüvvələrinin bütün resurslara nəzarət edən bu birləşməyə qarşı çıxacağı ehtimalı zəifdir, digər tərəfdən, vaxtilə şahçıların çoxluq təşkil etdiyi orduda vəziyyət dəyişib. Zəif ehtimal olsa belə, hadisələrin inkişafında SEPAH-ın özü həm İranın bütövlüyünü saxlamaq, həm də idarəçilikdə mövqelərini qorumaq naminə “libasını dəyişərək” xalqın tərəfinə keçə bilər. Üçüncüsü, İranda quru əməliyyatının başlanmasıdır; ABŞ və İsrailin quru qoşunlardan istifadə edəcəyi ehtimalı azdır, xüsusilə İran dərinliklərində SEPAH-la döyüşməyin çətinliyi fonunda. Quru əməliyyatlar İrana qarşı beynəlxalq koalisiyanın yaradılması, müxtəlif ölkələrin birlikdə müdaxiləsi halında mümkün variantlardan biri kimi görünür. Ən real variantlardan biri isə İran daxilində rejim qüvvələrinə qarşı quru hücumlarını kürd silahlılarının həyata keçirməsidir. 2003-cü il İraq müharibəsində kürdlər eyni missiyanı icra edərək, muxtariyyətlərinin rəsmiləşməsi ilə mükafatlandırıldılar. İranda da kürlərin ABŞ və İsrailin dəstəyi ilə hücuma keçməsi istisna edilməməlidir. Bu ssenari İranın bölünməsi, yaxud ən azı federallaşması (mərkəzi hakimiyyətin zəif olduğu sistem) perspektivlərini yaradır”, - deyə analitik fikrini tamamlayıb.(AYNA)
Turan Abdulla









AZ
RU