“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb -Babək Babayev kimə arxalanır?

Bakının tanınmış yaşayış komplekslərindən olan “Azure Residenc“e (Meafun) bu günlərdə təkcə komfort deyil, həm də “qanunların necə işləmədiyi”nin canlı nümunəsinə çevrilib.
Yenixeberorg.com: Redaksiyamıza müraciət edən sakinlərin şikayətindən sonra redaksiya əməkdaşları hadisə yerində olub, çəkiliş aparıb və ortaya çıxan mənzərə açıq desək, heç də ürəkaçan deyil.
Zirzəmi bağlanıb. Sadəcə qapı kilidlənməyib – işıqlar söndürülüb, müşahidə kameraları deaktiv edilib, giriş bloklanıb. Maraqlıdır ki, məhz həmin zirzəmidə binanın elektrik qovşaqları, su nasosları və istilik sistemləri yerləşir. Yəni fövqəladə vəziyyət baş versə, ilk lazım olan yer elə həmin “bağlı zona”dır. Bundan əlavə, yüzlərlə vətəndaşın daşınar əmlakı (avtomobili) də təhlükə altındadır. Əmlaka hər hansı bir ziyan dəysə müşahidə kameraları olmadığından nə baş verdiyini nə bilmək, nə də sübut etmək mümkün olacaq. Amma görünür, təhlükəsizlik məsələsi kimlər üçünsə prioritet deyil.
Sakinlər bunu artıq “parkinq mübahisəsi” kimi yox, açıq risk kimi qiymətləndirir. Onların sözlərinə görə, 324 ailə faktiki olaraq idarəetmə eksperimentinin içində yaşayır – gah lift dayanır, gah binadaxili sürahilər (eskalator) söndürülür, gah digər texniki sistemlər “səbəbsiz” sıradan çıxır, gah da müxtəlif adlarla ödənişlər tələb olunur. Bütün bunların isə təsadüf olmadığı iddia edilir.
Ən maraqlı və eyni zamanda ən düşündürücü məqam isə başqadır: sakinlərin bildirdiyinə görə, sözügedən MTK məhkəmə qərarı ilə bina üzərində hüququnu itirib. Yəni hüquqi baxımdan məsələ artıq həll olunmuş sayılmalıdır. Amma görünən odur ki, bu qərar kağız üzərində qalıb. Praktikada isə əvvəlki idarəetmə eyni qaydada davam edir.
Bu yerdə sual yaranır: əgər məhkəmə qərarı var və icra olunmursa, problem haradadır? Qanunda, yoxsa onun tətbiqində?
Sakinlər binanı idarə edən Güvənli Servis Management MMC və əlaqəli şəxslərin fəaliyyətindən narazıdır. Onların iddiasına görə, qərarlar sakinlərin iradəsi nəzərə alınmadan qəbul edilir və vəziyyət getdikcə daha da gərginləşir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti-nə dəfələrlə müraciət edildiyi bildirilsə də, sakinlərin sözlərinə görə, hələlik ortada real nəticə yoxdur. Görünür, bu məsələ də “baxılır” statusunda qalmaqda davam edir.
Sakinlər arasında səslənən iddialardan biri də odur ki, adı hallanan Babək Babayev məmur qohumuna arxayın olduğu üçün vəziyyətə bu qədər rahat yanaşır. Onların fikrincə, məhz bu “rahatlıq” məhkəmə qərarına baxmayaraq əvvəlki fəaliyyətin davam etdirilməsinə şərait yaradır. Amma fakt budur ki, bir tərəfdə məhkəmə qərarı, digər tərəfdə isə dəyişməyən reallıq var. Arada isə 324 ailə qalır.
Sakinlər tərəfindən son dəqiqə verilən məlumata görə, medianın gəlişini eşitdikdən dərhal sonra qarajın işığı yandırılsa da Babək Babayevin tapşırığı ilə bəzi şəxslərin giriş kartları bloklanıb.
Qeyd edək ki, sakinlər məhkəmə qərarının icra olunmadığı üçün məsələ məhz bura qədər gəlib çıxdığını deyirlər. Məhkəmə qərarının icra olunmaması isə bütöv bir yaşayış binasının yüzlərlə sakinlərini dövlətin qurumları və qanunları ilə üz-üzə qoyur. Qanunların icrası mı zəifdir, Babək Babayevin “qoruyucu mələyi”mi güclüdür aidiyyəti dövlət qurumlarıın məsələdən xəbərdar olmasından sonra bəlli olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Məsələ ictimai əhəmiyyət daşıdığından prosesi diqqətdə saxlayacağıq. Görünən odur ki, burada təkcə zirzəmi yox, daha dərin problemlər var. Odur ki, mövzunu davam etdirəcəyik!!!(edliyyeinfo.az)










AZ
RU