VENEDİKTOVUN “İRƏVAN MİSSİYASI”... - Kreml “xarici agenti” Ermənistana niyə göndərib?

Azərbaycandakı “rusbaşlar” hələ də anlamır, yaxud anlamaq istəmirlər ki, Rusiyanın nəinki hakim elitası, yaxud kommunist, aşırı şovinist, millətçi “müxalifəti”, hətta “liberalları”, “demokratları” da imperiya maraqlarına xidmət edir və onlar üçün Azərbaycan, azərbaycanlılar heç vaxt Ermənistan və ermənilərdən daha yaxın, daha “doğma” olmayacaq.
Yenixeber.org: Rusiyanın millətçi-şovinisti kimi, ən qatı “liberalı”nın, “demokratı”nın da, din və mentalitet fərqinə qədər müxtəlif məlum səbəblərdən Azərbaycanı görməyə gözü yoxdur, olmayıb və olmayacaq da. Ona görə, də bu gün Rusiya siyasi, ictimai, media və s. meydanının istənilən tanınmış təmsilçisi az qala Ermənistandakı xəstə revanşist millətçi qüvvələrdən daha çox Azərbaycana qarşı revanş arzusu ilə alışınıb yanır. Bunu “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun İrəvana son səfərində səsləndirdiyi fikirlər də bir daha təsdiq edir…

Uzun illərdir özünü müstəqil media kapitanı, hətta hakimiyyətə müxalif biri kimi göstərsə də (rəsmən “inagent” elan olunub), çoxdan Kreml təbliğatının vintciyinə çevrilmiş Venediktov İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyan başda olmaqla, bir çox şəxslərlə görüşəndən sonra üst-üstə Ermənistan nəşrlərinə və kanallarına beş müsahibə verib. Hamısında da eyni tezisləri təkrarlayıb və xüsusi olaraq vurğulayıb ki, “Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır!”.

Təbii ki, bununla demək istəyib ki, Rusiya bu “beyinlərdən” imkan düşən kimi, mütləq istifadə edəcək. Onun dediyinə görə, Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər erməni terrorçular və separatçı liderlərinin, Qarabağdan gedən “120 min “qaçqının” məsələsi” qalır. Venediktov onu da deməyi unutmayıb ki, “Moskva hər zaman erməniləri (Azərbaycanlılara nisbətən-red.) özünə daha yaxın hesab edib”.

Venediktov İrəvanda bütün bunları deməklə yanaşı, erməniləri innadırmağa çalışıb ki, Qarabağ məsələsi bağlanmayıb; Moskva bunu unutmayıb. Ukraynada resurslar azad edildikdən sonra ruslar mütləq bu məsələyə qayıdacaqlar. O, hətta hazırkı Ermənistan hökumətinin sülhə sadiqliyinə açıq şəkildə şübhə ilə yanaşıb və ermənilərə dolayısı ilə çatdırıb ki, “Qarabağı geri alacağıq, Rusiya kömək edəcək, problem Paşinyandadır və sair”.

Bunlar təkcə yuxarıda qeyd etdiyimiz “rusbaşlar”ın görüb nəticə çıxarmalı məsələlər deyil, həm də Azərbaycana xəbərdarlıqdır. Bəli, Rusiya Ukrayna bataqlığılndan çıxandan, “başı açılandan” sonra mütləq digər keçmiş Sovet Respublikaları, o cümlədən bizim regionla da “məşğul olacaq”. Bunun üçün ilk növbədə Ermənistanda hakimiyyət dəyişikliyinə, “küçədən gələn” Paşinyanı devirməyə, öz qulbeçələri – Koçaryan-Sarqsyan cütlüyünü və onlara yaxın olanları hakimiyyətə gətirməyə, yenə İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməyə, ondan bizə qarşı maşa kimi istifadə etməyə çalışacaq. Buna kimsənin şübhəsi olmasın və təəssüf ki, Rusiya indiki imperiya ölçüləri və ambisiyalarında qaldıqca bu cür də davam edəcək…(Azpolitika)
Cəlal Məmmədli









AZ
RU